“20 ildir “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində işləyirəm. İstehsalat zamanı xəsarət alsam da, şirkət kompensasiyamı ödəmir və üstəlik, məni işdən azad edib”.
Pravda.az bu iddia ilə “Qafqazinfo”ya Teymur Məmmədquliyev müraciət edib.
O, 2004-cü ildən sözügedən şirkətdə supervayzer vəzifəsində çalışıb: “2022-ci ildə iş vaxtı, iş yerində xəsarət aldım. Sağ bilək aypara sümük sınığı və sol ayaq pəncəsinin sınığına görə iki dəfə əməliyyat olundum. Bu günə kimi fiziki funksional pozğunluq qalıb. Bunu təsdiq edəcək bütün sənədlərim var. İş vaxtı xəsarət almağıma baxmayaraq, şirkət tərəfindən heç bir köməklik, maddi yardım olunmayıb. Eyni zamanda mənə əmək qabiliyyətinin itirilməsi günləri üçün ödəniş düzgün hesablanmayıb. 2023 cü il sentyabr ayından isə bu ödənişlər tam dayandırılıb. Halbuki 9 dekabr 2022-ci il tarixindən 16 may 2024-cü ilədək xəstəlik vərəqəsi davam edirdi. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etmişəm. Müfəttişlik tərəfindən NK-27 saylı qərara uyğun təhqiqat aparılıb. İZ aktına (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası) əsasən şirkət təqsirli sayılıb və cərimələnib. Aktdan əlavə, DSMF-nin 6 fevral 2024 ci il № 3-17-1/2-M-27276/2024 sənədində də şirkətin günahkar olduğu təsdiqlənib”.
Vətəndaşın sözlərinə görə, dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı müraciət etməyinə baxmayaraq, heç bir nəticə yoxdur: “Şirkət mənə xəstə olduğum günlərə görə 25-30 min manat borcludur. Buna görə mən onları məhkəməyə vermişəm. Bunu biləndən sonra bir neçə ay mənə 500-1000 manat pul verdilər. Məhkəmə prosesi gedə-gedə bilindi ki, mənim maaşım əslində 3720 manatdır, amma şirkət əməkhaqqımı 3400 manatdan hesablayıb.