Zeynəb İsmayılova atası Novruz İsmayılovun 13 noyabr 2024-cü ildə Yeni Klinikada açıq ürək əməliyyatı olunduğunu və həkim səhlənkarlığı nəticəsində insult keçirdiyini deyir. Onun sözlərinə görə, əməliyyatdan əvvəl lazımi hazırlıqlar və yoxlanışlar düzgün aparılmayıb, nəticədə atası əməliyyat zamanı insult keçirib. O, atasının mövcud vəziyyəti ilə bağlı problemin ictimailəşməsi və araşdırılması üçün Oxu.Az-a müraciət edib.
Z.İsmayılova bildirib ki, atasının əməliyyatını ürək-damar cərrahları Nicat Süleymanov və Nihat Süleymanzadə icra ediblər. Onun sözlərinə görə, əməliyyat zamanı olanlar nəzərə alınmayıb və atasının insult keçirdiyini bir gün sonra KT (Kompüter Tomoqrafiya) müayinəsində öyrəniblər:
"Lakin gec müdaxilə nəticəsində beynin böyük bir sahəsi insultdan zərər çəkib. Üç aya yaxındır, atam xəstəxananın reanimasiya şöbəsində yatır və vəziyyəti gündən-günə pisləşir. Həkimlər səbəbini tapa bilmirlər".