Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Bu "cərrahların" tələsinə düşənlər də az deyil. Sizə burun əməliyyatı olmaq üçün gedib dünyasını dəyişənlərdənmi, yoxsa bədənşəkilləndirmək üçün əməliyyat masasına uzanıb infeksiyaya yoluxmuş şəkildə oyananlardanmı danışım? Bu qədər hadisə yaşanır, amma yenə də saxtakarlar insanların həyatı ilə oynamağa davam edir. Lent.az-ın müsahibi saxta cərrah qurbanı olan aktrisa Mila Bekovadır. O da savadsız bir fırıldaqçının hiyləsinə düşüb. Bədənşəkilləndirmə proseduru üçün "həkim" Ülviyyə İlyasovanın qəbulunda olduqdan sonra infeksiyaya yoluxan aktrisa 1 ilə yaxındır ki, bunun əziyyətini çəkir.
- Mila xanım, bədənşəkilləndirmə əməliyyatı olmağa necə qərar verdiniz?
- Ötən il fevralın əvvəlində mənə çox yaxşı bir layihədən baş rol təklifi gəldi və təcili 5-6 kq çəki atmağım xahiş olundu. Bir müddət sonra gördüm ki, özüm bu çəkini ata bilmirəm, eyni zamanda çəkiliş gününə çox az qalırdı. Bu ərəfədə İnstaqramda Ülviyyə İlyasovanın prosedurlarının reklamları qabağıma çıxırdı. Mən də maraqlanmaq üçün səhifəsinə baxdım və gördüm ki, sadəcə kosmetoloji prosedur olaraq qeyd olunub. Düşündüm ki, əməliyyat deyilsə, reabilitasiya dönəmi də olmaz və tez bir zamanda işə başlaya bilərəm. Qərar verdim ki, onun yanına gedəcəm və həmin səhifə ilə əlaqə saxladım. Mənə Nəriman Nərimanov rayonunda yerləşən Mira Dent klinikanın xəritədəki yerini göndərdilər. Bu klinikanın qapısı ilə üzbəüz yerləşən və üzərinə heç bir ad yazılmayan kabinetə daxil olduqda foyedə nəsə söz-söhbət olduğunu gördüm. Deməli, bir ana öz qızını ikinci dəfə əməliyyat olunmağa gətirib, hansı ki, Ülviyyə İlyasova onu birinci dəfə əməliyyat etdikdən sonra bədənində çirk yığılıb. Xanım pasiyentin anasını inandırmağa çalışır ki, sizin qızınızda qıl dönməsi var idi deyə belə hal baş verib. Bütün bunlara baxmayaraq, özümü işimə çox fokuslaşdırmışdım. Beləliklə, özümü müəyyən fikirlərlə aldadaraq qərarımdan dönmədim və prosedura razı oldum.
.jpg)
- İlkin prosedur necə keçdi? Bunun üçün sizdən nə qədər ödəniş tələb edildi?
- Əvvəlcə "həkim" məndən 1800 manat istədi. Mən o qədər imkanım olmadığını dedikdən sonra qiyməti biraz aşağı salaraq 1500 manata razılaşdı və qan təhlilləri istədi. 3 günə dediyi təhlillərin nəticəsini göndərdim və mənə əməliyyat günü təyin etdi. Əməliyyat otağı sanki mətbəxə oxşayırdı. Allah göstərməsin prosedur zamanı təzyiqində problem olsa və s. sənə kömək edəcək heç bir şey yoxdur. Mənə keyidici verməyə hazırlaşdıqları vaxt soruşdum ki, bəs axı siz sosial şəbəkədə paylaşdığınız videolarda xəstələr ayıq vəziyyətdə olarkən bu prosedurları edirsiniz. Bildirdi ki, ağrıya dözə bilməyəcəyin üçün keyidici vuracağıq. Mən ayılanda üstündən neçə saat keçmişdi deyə bilmərəm. Dedilər ki, evə gedə bilərəm. Şoka düşdüm. Çünki klinikada qalacağımı düşünürdüm. Lakin mənə orada qalmağa yer olmadığını bildirdilər. Evə getdikdən 2 saat sonra vəziyyətim dəyişdi. Hallüsinasiyalar görürdüm, elə bilirdim evdə boynunda zınqırov olan inəklər gəzir. Həmçinin, məndən qan gedirdi, qızdırmam da düşmürdü. Əməliyyat edən xanıma zəng elədim və vəziyyətim barədə məlumat verdim. Mənə qorxmamalı olduğumu, bütün xəstələrin bu halı yaşadıqlarını dedi və xeyli ağır dərmanlar, antibiotiklər yazdı. Sistemləri edəndə yaxşı olurdum, dayandıran kimi halım pisləşirdi. Bu dəfə həmin klinikaya getdim. Ülviyyə məni görəndə qorxdu. Çünki 65 kq çəki ilə əməliyyata girən mən 4-5 gündə 85 kq-a çatmışdım. O mənə dedi ki, səni yarmalıyam. Güc-bəla ilə yarmamağa razı saldım. Yenidən antibiotiklərin istifadəsinə davam elədim. Amma elə bir günüm yoxdur ki, qızdırmam olmasın. Günü-gündən də şişirdim. İki həftə sonra yenə onunla əlaqə saxladım, bu dəfə məni Yasamalda AS-EL klinikasına çağırdı. Gördü ki, vəziyyətim daha da pisləşib, məni yardı. Aldatdı ki, bədənimə guya su toplanıb, hər gün məni sıxması üçün klinikaya gedib-gəlməliyəm.
- Heç nədənsə şübhələnmədiniz?
- Xanım insanı o qədər gözəl ovsunlayır ki, heç nədən şübhələnmirsən. Amma rəfiqəm mənə dedi ki, başqa bir həkimə yoxlanım, görək bu nə məsələdir. Yoxlanmağa getdiyim cərrah mənə dedi ki, sizin bədəninizdən axan su yox, çirkdir. Sən demə, əməliyyat zamanı mənə infeksiya keçirib. O cərrah məsuliyyəti üzərinə götürməmək üçün məni qəbul etmədi. Dedi ki, antibiotikləri 3 gün dayandırsam, zəhərlənmə qanıma keçəcək.
.jpg)
- Bunu bildikdən sonra nə etdiniz?
- Ülviyyə İlyasovanın yanına getdim və onu prokurorluğa şikayət edəcəyimi dedim. Yalvardı, and-aman etdi ki, həm əməliyyatın, həm də ondan sonra çəkdiyim xərclərin hamısını geri ödəyəcək, həmçinin yenidən sağlamlığıma qovuşmaq üçün cərrah tapacaq, o vaxta kimi də əvvəlki çəkimə qayıtmaq üçün hər gün bədənimi sıxacaq. Fikirləşdim ki, "həkim" bunu bilərəkdən etməyib, o cümlədən, pulumu da özümə qaytaracaq. Bir neçə gün klinikaya gedib-gəldim. Bir gün gedəndə gördüm ki, klinikada sakitçilikdir. Dedilər ki, Ülviyyə xanımın bacısı dünyasını dəyişib və işdə olmayacaq. Bu müddət ərzində mən həm qızdırma, həm qaşınma, həm də şişkinlik içindəydim. Sonra başqa bir cərrah tapdım. Ülviyyə də dedi ki, pulu mənlikdir. Cərrah dedi ki, təcili əməliyyat olunmalısan. 2 ay sonra həkimin dediyinə görə, 3 saat 40 dəqiqəlik əməliyyat keçirdim. Bir gün sonra öyrəndim ki, Ülviyyə İlyasovanın diplomu yox imiş, ümumiyyətlə, 9-cu sinifdən sonra məktəbdən çıxıb və hətta əməliyyat etdiyi eltisi elə masada vəfat edib. Şok üstünə şok yaşayırdım. Əməliyyatın üçüncü həftəsi yenə halım pisləşdi. Yenidən həkimin yanına getdim və iynə vasitəsilə bədənimdən çirk çıxartmağa başladı. Səbəbini soruşanda bunun normal olduğunu dedi. 7 ay həmin həkimin yanına ayaq döydüm. Bütün iş təkliflərini əlimdən buraxırdım. Hər problemimə bir bəhanə gətirirdi. Artıq dözmədim, klinikanın direktoru ilə görüşdüm və çəkdiyim xərcləri geri ödəmələrini tələb etdim ki, başqa bir yerdə əməliyyat olunum.
- İkinci dəfə başınıza belə bir hadisə gəldikdən sonra da şikayət etmədiniz?
.jpg)