"Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır. Videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edir".
Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən Pravda.az-a verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilib, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.