Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məşhur şadlıq saraylarının rəhbəri həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1966-cı ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuş sahibkar Rauf Ağayev Cinayət Məcəlləsinin 196.2 maddəsi (Kreditor borclarını ödəməkdən qəsdən yayınma, külli miqdarda ziyan vurmaq) ilə təqsirləndirilib və barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Sahibkar özünə məxsus Qaraçuxurdakı "Arion" və "Yağmur” şadlıq saraylarını, eyni zamanda həmin qəsəbənin R.Əlicanov küçəsi, 4057-ci məhəllə, 5F və 5E ünvanında yerləşən "Yurd" mərasim evini 2013-cü ildə bankların birinə girova qoyaraq külli miqdarda kredit götürüb.
Rauf Ağayev üzərindən 12 il keçməsinə baxmayaraq, banka olan 1056696,06 manat məbləğində kredit borcunu ödəməyib.