Faşist Almaniyasının rəhbəri Adolf Hitlerin şəxsi katibəsi olmuş Tradule Yunge ölümündən əvvəl verdiyi müsahibəsində faşist liderinin bunkerdə keçirdiyi son günlərindən danışıb.
Pravda.az-ın xəbərinə görə, intervyüdə Yunge 50 ildən sonra 3-cü Reyxə necə gəlib çıxdığından danışır, bir sıra maraqlı məqamları açıqlayır.
1942-ci ildə 22 yaşlı Yunge dəftərxanadan seçilərək Hitlerin şəxsi katibələrindən biri olub. 1943-cü ildə Junqe Hitlerin şəxsi xidmətçisi Hans Yunge ilə ailə qurub. Yunge bunkerdə Hitlerin diqtə etdiyi son vəsiyyətini yazıb. 50 il ərzində o heç kimə Hitlerlə bağlı xatirələrini danışmayıb.
2001-ci ildə aprel-iyun aylarında yazıçı Melisa Muller onunla silsilə müsahibələri yazıb. Həmin müsahibələr sonra sənədli film üçün material kimi işlənib.
Müsahibədə o Hitlerlə bağlı maraqlı müşahidələrini açıqlayıb: “Hitler bizə tez-tez deyirdi: Heç nədən narahat olmamalısınız. Siz yalnız mən deyəni edin, mən bütün məsuliyyəti öz üzərimə götürərəm. Ömür ötdükcə üzərimdə bir yük hiss edirəm. Deyim ki, mən xoşuma gələn adamın yanında çalışmışdım. Sonradan onun törətdiklərinin detalları aydın olduqca mən gənc Yungeni-özümün gənclik çağımı bağışlaya bilmirəm. Hitlerin qərargahına işə düzəlmək kimi bir təklifin necə böyük və dəhşətli bir yükə çevriləcəyəni heç bir vaxt təsəvvür etməzdim. Özümü bağışlaya bilmirəm. Bu gün etiraf edirəm: Hitler cinayətkar idi. Mən bunu anlamamışam. Mənimlə bərabər Almaniyada milyonlarla insan var idi. Onlar da bu cinayətləri hiss etməmişdilər”.
Yunge Hitlerin yanına necə gəlib çıxdığını da açıqlayıb: “Hitler şəxsi bunkerində olurdu. Reyxin dəftərxanasında işləyənlər arasında Fürerin şəxsi göstərişlərini yazacaq çapçı-maşinist qız axtarırdılar. Müsabiqə elan olundu. Borman israr edirdi ki, mən müsabiqəyə qatılım. Razı oldum. Ora işə düzəlmək üçün xüsusi bir yanğım, istəyim yox idi. Müsabiqədə yaxşı nəticələr göstərdim”.
Yunge deyir ki, 1942-ci ilin dekabrında müsabiqədən keçmiş 10 qızı xüsusi qatarla Hitlerin şərqi Prussiyada yerləşən bunkerinə gətirirlər: “Hitler özü bizi qəbul edəcəkdi. Bizi Hitlerin qaranlıq meşədə yerləşən bunkerinə gətirdilər. O vaxta qədər mən Hitleri yalnız kinojurnallarda və mitinqlərdə görmüşdüm. Onu çılğın, döyüşkən ab-havada olan biri kimi təsəvvür edirdim. Amma bizim qarşımızda yaşlı, xoş ədalı, sakit səslə danışan, gülümsəyən bir cənab durmuşdu. Hər birimizlə görüşəndə düz gözümüzə içinə baxıb bir neçə kəlmə xoş söz deyirdi. Onunla görüşümüz məndə tamam ayrı təəssürat yaratdı”.
Yungenin sözlərinə görə, onları tək-tək Hitlerin diqtə edəcəyi mətni yazmaq üçün Fürerin otağına göndəriblər: “Otağa daxil olanda hiss etdim ki, çox soyuqdur. Hitler otaqların isidlməsini sevmirdi. Çox həyəcanlı idim. Hitler “övladım, həyəcanlanmayın, çətin ki, yazıda mənim qədər səhvə yol verəsiniz”-dedi. Daha sonra o sözləri mənə diqtə etməyə başladı. Hansısa anda əllərim əsməyə başladı. Düzgün hərfin üzərinə döyəcləyə bilmirdim. Xoşbəxtlikdən otağa Hitlerin köməkçisi girdi və Rippentropun telefonda gözlədiyini dedi. Hitler telefonu götürdü və danışmağa başladı. Mən sakitləşməyə fürsət qazandım və çap etdiyim cümlələri yenidən səhvsiz yazdım. Hitler bir neçə mətni də diqtə etdi. Uğurlu alındı. Hitler razı qaldı”.
Yunge deyib ki, o yalnız şəxsi yazışmaları və publik çıxışları yazıb. Hərbi və siyasi mətnləri ona yazdırmırdılar: “Məni Hitlerin kabinetinə apardılar. Orada əvvəldən işləyən daha iki katibə durmuşdu. Hitler mənə dedi: “Fröylin, siz mənimlə işləməyə razı olarsınızmı? Amma deyim ki, qəşəng qızlar mənə problem yaradır: Yanımda çalışan gənc və qəşəng qızlar az sonra ərə gedirlər. Bunun qarşısını almaq üçün zənci qadınları kimi bəlkə ağzınıza dəmir-dümür taxasınız?” –deyə zarafatyana soruşdu. Mən gənc qız səfehcəsinə cavab verdim: “Mənim Fürerim, heç vaxt ərə getməyəcəyəm”. Hitler qəhqəhə çəkib güldü…”
Yungenin sözlərinə görə, 1943-cü ilin fevralında-Stalinqraddakı məğlubiyyətdən sonra hər şey çox dəyişir: “Buna qədər Hitler həmişə öz zabitləri ilə nahar edirdi. Orada müharibənin gedişatından danışırdlar. Amma fevraldan sonra Hitler öz şəxsi katibələri ilə nahar etməyə başladı. Bizə qəti şəkildə tapşırdılar ki, Fürerə Stalinqrad barədə sual verməyək. Hitler dəhşətli gərginlikdən sonra yemək stolunda müəyyən qədər rahatlıq tapmaq istəyirdi. Orada çalışanda elə bilirdim informasiyanın mənbəyinə düşmüşəm, amma sən demə “sukut zonası”na gəlib çıxmışammış…Böyük yalan çevrəsinə…”
Yunge 3-cü Reyxin rəhbərinin sağlamlığı ilə bağlı danışıb: “Mədəsində və həzm sistemindəki problemdən savayı Hitlerin səhhətində heç bir problemi yox idi. Ola bilsin buna görə vegeterian həyatı sürürdü. Çox az təmiz hava almasına, az hərəkətinə rəğmən çox sağlam görünürdü. O, siqaret çəkmirdi, spirtli içki içmirdi. Şəxsi həkimi doktor Morallesə çox etibar edirdi. Keçmiş gəmi həkimi olan doktor bir neçə il Hindistanda yaşamışdı. Doktor ona tez-tez həzm sistemini yaxşılaşdırmaq üçün müxtəlif həblər verirdi. Həmçinin Hitlerə hormonal və vitamin iynələri vururdu. Mən Hitlerin şəxsi qulluqçusundan onun barəsində soruşurdum. Öyrənmişdim ki, Hitlerin kiminsə ona toxunmasından qətiyyən xoşu gəlmirdi. Masaja önəm vermirdi. Deyirdi ki, şortik geyinməyi sevmir, çünki heç bir idmançı forması yoxdur. Çox təmizkar idi. Hətta sevimli itini sığalladıqdan sonra dərhal əllərini yuyurdu. Onun iti Blondi Hitler üçün çox əhəmiyyətli idi. Hitler deyirdi ki, iti çox ağıllıdır…İtinə çox bağlı idi”.
Yunge Hitler barədə qənaətlərini də bölüşüb: “O adi insanlar barədə heç vaxt düşünmürdü. İnsanlıq onu üçün heç bir əhəmiyyət daşımırdı. Böyük və məğlubedilməz Almaniya, Reyx, onun şöhrəti və sarsılmazlığı hər şeydən üstün idi. Ayrıca fərdlər onun üçün heç bir əhəmiyyət daşımırdı. Halbuki, həmişə deyirdi ki, insanları xoşbəxt etmək istəyir. Amma şəxsi səadət onun üçün heç bir əhəmiyyət daşımırdı. O heç vaxt sevgi barədə danışmırdı. Hitlerdən bir kəlmə olsun belə bu barədə eşitmədim. İndi bunun fərqinə varıram…
Hitler ailə qurmaq barədə də düşünmürdü. Onun uşaqlar barədə fikri mənim yadımdadır. Deyirdi ki, “uşaqlar riskli məsələdir. Dahilərin övladlarının axmaq və səfeh olması mümkündür”. Bu məni heyrətə salırdı: Adam özü-özünü necə dahi saya bilər?”
Yunge daha sonra 1944-cü ildə Hitlerə qarşı törədilmiş məşhur sui-qəsddən danışıb: “20 iyul 1944-cü ildə -isti yay günüdə biz bunkerdən çıxıb çay kənarına gəzməyə getmişdik. Hərbi məsələlərlə bağlı iclasın olacağından xəbərsiz idik. Geri qaydında xeyli maşın gördük. İclas davam edirdi. Otaqlarımıza getdik. Bir qədər sonra dəhşətli partlayış səsi gəldi. Qışqırıq səsləri ucaldı, həkim çağırmağa başladılar. Biz Hitlerin bunkerinə doğru qaçdıq. Əsgərlər qarşmızı kəsib “ora getmək olmaz” deyirdilər. Hamımız şokda idik: Fürerin başına nə gəldiyini bilmirdik, yaralı idimi? Ümumiyyətlə nə baş verdiyindən anlamırdıq. İclasın keçirildiyi yerə daxil olmaq istəyəndə qan içində olan iki nəfər- general Yodl və digər general bizə yaxınlaşdı. Dedilər ki bizi ora buraxmayacaqlar, geri qayıdaq. Baş vermiş hadisə bizdə şok yaratmışdı. Biz bilmirdik əgər Hitler həlak olubsa nə baş verəcək? Həyat bizi hara aparacaq?Ölkəyə müharibə vaxtı kim rəhbərlik edəcək?”
Yunge qeyd edir ki, onları nigarançılıqdan Hitlerin adyutantı qurtarıb: “Otağımıza Otto Günşe gəldi və dedi ki, narahat olmayaq, Hitler sağdır və öz bunkerindədir. Əgər onu görmək istəyiriksə ora gedə bilərik. Biz dərhal Hitlerin bunkerinə getdik. O otağın ortasında durmuşdu. Elə qəribə görünüş var idi ki, gülməyimizi güclə saxladıq. Saçları pırpız və qarışıq, köynəyi əynində sallanıb durmuşdu. Hitler bizi təntənəli təbəssümlə qarşılayıb dedi: “Mən xilas olundum. Tale məni seçdi. Bu, səmadan bir siqnaldır. Mən işimi gərək sona çatdırım. Bu qorxaqlar mənə üzbəüz güllə atmağa cəsarət eləmədilər, bomba qoydular”. O çox qəzəbli idi. Hitlerin fikrincə, yeni bina üçün mühəndis işləri aparan hissədən olan əsgərlərdən kimsə iclas stolunun altına bomba qoyub. Həmin axşam biz Hitlerlə birgə şam yeməyi yedik. O deyirdi ki, yeni yerin tikilməsi ilə əlaqadar iclası bunkerdə keçirib. Əgər yerini dəyişdirməsə idi indi sağ deyildi”.
Yungenin sözlərinə görə, rabitəçinin verdiyi bir məlumat sui-qəsdlə bağlı şübhələri ayrı yerə yönəltdi: “Hitler sui-qəsdin mümkün təşkilatçılarını müzakirə edərkən bir rabitəçi yaxınlaşıb dedi ki, “Fürerim, polkovnik Ştaufenger həmin vaxt barakdan çıxıb. Telefonla zəng vuracağını deyib. Amma heç yerə zəng vurmayıb”.
Yungenin sözlərinə görə, bununla bütün şübhələr inşaatçılardan pokovnikin üzərinə keçdi. İnformasiyanı dərhal Berlinə ötürdülər. Bunkerdə ali zabit sırasından belə xəyanət panika yaradır: “Hitler qəzəbindən əsirdi: “Lənətə gəlmişlər…Siz bilmirsinz mən öləndən sonra Almaniyada, Avropada nə baş verəcək? İudazim yenə hakim qüvvəyə çevriləcək. Bu nifrət bütün Almaniyanı, Avropanı məhv edəcək. Siz təsəvvür edə bilmirsiniz düşmənlər Almaniya ilə nə edəcəklər? Heç kim bunun qarşısında dura bilməyəcək. Ancaq mən dura bilərəm. Heç kim mənim qarşımda dura bilməz. Almaniya gərək hökmən müharibədə qalib gəlsin”.
Yunge qeyd edir ki, sui-qəsddən sağ çıxması Hitleri bir daha əmin etdi ki, doğru yoldadır: “Bəlkə bu sui-qəsdə qədər o, sülh danışıqları barədə danışa bilərdi, amma bundan sonra bu söhbət aradan qalxdı. Hitler elə həmin axşam alman xalqına radio ilə müraciət etdi. O, özünün “möcüzəvi xilasından” danışdı, və qələbə üçün qurban verilməyin vacibliyni vurğuladı. Hitler elə hey deyirdi ki, “biz qalib gəlməliyik”…”Bolşevizm qalib gələ bilməz…” “Bunun baş verməsinin qarşısı alan yeganə adam mənəm”. “Almaniyasız Qərbi Avropa bu lavann qarşısını ala bilməz”. O buna əmin idi. Bununla yanaşı o artıq qələbə çalmağın mümkün olmadığnı görməyə bilməzdi. Mənə elə gəlir Hitler reallıq hissini artıq itirmişdi”.
Yungenin sözlərinə görə, Hitlerin müharibəyə yüngülsayaq yanaşdığını demək olmazdı. O da müharibənin şər olduğunu başa düşürdü: “Bir dəfə Hitlerə “ Fürerim, bomba zərbələrindən alman ailələri evsiz-eşiksiz qalır. Bu dəhşətdir. Necə olacaq?” sualını verdim. Hitler cavabında “mən yaxşı təsəvvür edirəm, siz nə deyirsiniz. Biz qisas alacağıq. Müharibədən sonra Almaniyanı yenidən tikəcəyik”.
Hitler bir dəfə də olsun bombardamandan məhv edilmiş şəhəri görmədi. Biz Almaniyada pərdəli xüsusi qatarla hərəkət edirdik. Avtomobil sürücü xüsusi olaraq şəhərin az dağıntı olan küçələrini seçərək hərəkət edirdi.
Hitlerin otağında heç vaxt gül olmurdu. O dərilmiş gülləri sevmirdi. Ölü güllər kimi baxrdı onlara. Milyonları öldürən adam otağında ölü, dərilmiş güllər qoyulmasını istəmirdi”.
Yunge daha sonra müharibənin sonuncu ayında Hitlerin bunkerində baş verənlərdən, oradakı əhvaldan danışır:
“21 aprel 1945-ci ildə Hitler bunkerdə iclas çağırdı. Baş qərargahın bütün zabitləri gəlmişdilər. Hitler qəfildən iclas zalından öz otağına keçdi. Bunkerdə olan Yeva Braundan tutmuş aşpaza qədər qadınları çağırdı. Hitler bizdə dedi: “Hər şey bitib. Siz gərək təcili Berlini tərk edəsiniz”. Onun sifəti daş maskanı xatırladırdı. Biş çaşqın halda durub baxırdıq. Yeva Braun ona yaxınlaşdı, Hitlerin hər iki əlini əlinə alıb dedi: “Sən gərək başa düşəsən, mən burda qalıram. Səni tərk etməyəcəyəm”. Hitler onu hamının qarşısında ilk dəfə özünə tərəf çəkib qucaqladı və dodaqlarından opdü. Mən də dedim ki, “bunkerdə qalıram”. Bunu nə üçün dedim? Yəqin hara gedəcəyəmi təsəvvür edə bilmədiyim üçün…Daha sonra Hitler dedi: “Mən gərək intihar edəm”. Biz otaqdan çıxdıq.
Yungenin xatirəsinə görə, Hitler artıq hər şeyin bitdiyini israr edirdi. O deyirdi ki, vəziyyəti xilas etmək artıq mümkün deyil: “Amma generallar müxtəlif planları təqdim edirdilər. Amma bütün bunla mənasız idi”.