Soyuqdəymə və KRVİ - soyuq mövsümün yol yoldaşlarıdır. Bəs xəstələnən zaman nələri etmək olar, nələri olmaz?
Pravda.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, rusiyalı allerqoloq-immunoloq Aleksandr Andreyev özünün "Telegram" kanalında bununla bağlı tövsiyələrini bölüşüb.
Yüksək hərarət zamanı bürünmək olar?

Həkimin sözlərinə görə, termometrin göstəricisi 38,5°C-dən yuxarı qalxıbsa (yaşlı insanlarda 38°C-dən yuxarı), bürünmək qəti tövsiyə edilmir.
"Əksinə, bədənin soyuması üçün şərait yaratmaq lazımdır: yüngül geyim geyinmək, artıq düymələri açmaq, yorğanı götürmək... Əlavə olaraq xəstəni nəm salfetlə və ya dəsmalla silmək olar", - deyə Aleksandr Andreyev məsləhət görür.
O bildirib ki, əks göstəriş olmadıqda hərarəti salan dərman qəbul etmək olar.
Yeri gəlmişkən həkimlər qızdırmanın ilk əlamətlərində - temperatur 37 dərəcəni keçən kimi dərman içməyi tövsiyə etmirlər.
Otağı havalandırmaq xəstəliyi ağırlaşdırar?
Həkimin sözlərinə görə, əslində bu faydalıdır - xəstənin olduğu otağın müntəzəm havalandırılması havanı oksigenlə zənginləşdirir, zəifləmiş orqanizmə virus yükünü azaldır və ətrafındakıları yoluxdurmamağa kömək edir, ancaq bəzi qaydalara əməl etmək lazımdır.
"Bu zaman xəstənin başqa otağa keçməsi və otaqda temperaturun həddindən artıq aşağı düşməməsi vacibdir. Prosedurun məqsədi otağı təmiz hava ilə doldurmaqdır, soyutmaq deyil", - deyə immunoloq vurğulayıb.

