Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasından sonra baş verən yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəzanın səbəblərinin araşdırılmasına dair dərc etdiyi ilkin hesabatda qeyd olunur.
Bildirilib ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb. “Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”, – hesabatda vurğulanır.