Sensasiyalarla dolu "Toplum TV" işi ilə əlaqədar Baku TV-nin redaksiyasına növbəti dəfə maraqlı, bir o qədər də heyrətləndirici məlumatlar daxil olub.
Məlumatların ən heyrətverici məqamı isə odur ki, özlərini jurnalist kimi təqdim edən şəxslər əsl xüsusi xidmət orqanları əməldaşlarının gizli fəaliyyət metodlarından istifadə ediblər. "Toplum TV" işi üzrə həbs edilən jurnalist Fərid İsmayılovdan axtarışlar zamanı tapılan elektron məlumat daşıyıcılarından aydın olub ki, xaricdən maliyyələşən jurnalistlər gizliliyi qorumaq üçün xüsusi texniki üsullardan və kod adlardan istifadə ediblər.
Jurnalist kimliyi ilə fəaliyyət göstərən sözügedən şəxsləri idarə etmək üçün xarici kuratorlar "Siqnal" mobil tətbiqinə üstünlük veriblər. Buna səbəb isə tətbiqin istifadəçinin kimliyini gizlətmə funksiyasının imkanları göstərilə bilər. Belə ki, xaricdəki kuratorlar və faktiki rəhbərlər barədə məlumatlar qapalı saxlanıldığı üçün kod adlarıyla bilinən şəxslərin real kimliyi sıravi əməkdaşlara məlum olmayıb.
Misal üçün, "Toplum TV"yə videoreportaj və digər materiallar hazırlayan jurnalistlər Fərid İsmayılov, Gülyetər Məmmədova və Cəmilə Əzimovaya "Siqnal" tətbiqi vasitəsi ilə "Romeo", "Turan Hasanli" və "Redo" kod adlı şəxslər tərəfindən tapşırıqlar verilib. Sistemli araşdırmalar zaman məlum olub ki, "Romeo" kod adlı şəxs "Toplum TV"də koordinator işləmiş, Çexiyada yaşayan Pərvanə Qurbanova, "Redo" kod adlı şəxs isə Gürcüstanda məskunlaşmış "Azadlıq Radiosu"nun keçmiş əməkdaşı Orxan Rüstəmzadədir. Bakıda yaşadığı üçün məxfiliyə müstəsna diqqət yetirən "Turan Hasanlı" kod adlı şəxsin isə əvvəllər "Toplum TV"də aparıcı olmuş, hazırda isə redaktorluq edən Şahnaz Bəylər qızı Hüseynovanın olduğu dəqiqləşdirilib. Bundan əlavə, hazırda Praqada yaşayan 3-cü Respublika Platformasının İdarə Heyətinin üzvü Elman Fəttah və hazırda Avstriyada yaşadığı bilinən Əhəd Əhədlinin isə indi də "Toplum TV"yə donorlardan maliyyə axınını təmin etdikləri məlum olub.