Lənkərana yağan intensiv leysan yağışları nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib.
Lənkəran şəhər İcra Hakimiyyətindən bildirilib ki, fevralın 5-i axşam saatlarından davam edən yağışlı hava şəraiti fevralın 6-da da davam edib.
Lənkəran-Astara zonasında intensiv leysan yağışlar yağıb və yağıntının miqdarı Lənkəranda 133 mm-dək olub.
Kəskin hava şəraiti ilə bağlı Lənkəran rayonu ərazisindəki bir sıra çaylardan sel keçib, bir sıra fərdi yaşayış evlərini və təsərrüfat sahələrini sel basıb.
İntensiv yağan leysan yağışları nəticəsində suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib.
Hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır.

