Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir.
Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir. Belə ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. 2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Pravda.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
"Bu sistem effektli bir mexanizmdir"
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni qərarda iş saatlarının həcmi eyni qalmaqla, yalnız vaxtlarda dəyişiklik ediləcək:
"Gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman bütün təşkilatlarda 9:00-18:00 iş rejimi tətbiq edilməyəcək. Müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektordan asılı olaraq, iş saatı müəyyənləşdiriləcək. Əmək Məcəlləsinə uyğun səkkiz saatlıq iş rejimi tətbiq ediləcək. Yəni yeni qərar iş saatlarının uzadılması və ya qısaldılması mənasında başa düşülməməlidir. Sadəcə, iş saatları dəyişdiriləcək".
V.Bayramovun sözlərinə görə, fərqli iş saatlarının tətbiq edilməsi bütövlükdə dövlət proqramının istiqamətlərindən biridir:
"Bunun tətbiqi ölkəmiz üçün vacibdir. Avropa ölkələrinə diqqət yetirsək görərik ki, onlarda da dövlət qurumları, özəl sektor, eyni zamanda, xidmət sahələri üzrə fərqli iş saatları tətbiq edilir. Buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da buna bənzər praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, hər gün qarşılaşdığımız tıxacın, sıxlığın aradan qaldırılması baxımından çox vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda demək olur ki, bu sistem effektli mexanizmdir. Bununla yanaşı, məsələnin həlli üçün digər tədbirlərin görülməsinə də ehtiyac var. Paralel aparıldığı zaman effektivlik qat-qat artacaq".
"İş yerləri təsnifatlaşdırılmalıdır"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə düşünür ki, iş saatlarının dəyişdirilməsi üçün hərtərəfli monitorinqlər keçirilməli, iş yerləri təsnifatlaşdırılmalı, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır:
"Bütün bu proseslərdən sonra işəgötürənlərlə razılaşdırılaraq iş rejimi müəyyən edilə bilər. Bu prosesin bəzi iş yerlərində bir saat tez, bəzisində bir saat gec həyata keçirilməklə tətbiqi mümkündür. Belə olan halda düşünürəm ki, tıxacları tənzimləmək mümkün olacaq".