Göyçayda qonşusunu qətlə yetirən 41 yaşlı Abbas Əliyev cinayət məsuliyyətindən azad edilib.
Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi ekspert rəyləri və prokurorun təklifi əsasında belə qərar qəbul edib.
Hadisə Göyçayın mərkəzi hissəsində baş verib. Abbasla 36 yaşlı Şahmar Kərimov qonşu olublar. Son günlərə qədər hər hansı mübahisələri yaşanmayıb.
Qonşular arasında şəxsi münaqişə evlərinə yaxın ərazidə başlayıb. Şahmarın "nə etmişəmsə, yaxşı etmişəm" sözündən hiddətlənən Abbas cibindən çıxardığı bıçaqla ona hücum edib. Şahmar qonşusunun gözünün döndüyünü görüb qaçmaq istəsə də, çox uzağa gedə bilməyib. Abbas ona çataraq elə yolun ortasında bıçaqlayıb. O, Şahmara əzab verməklə xüsusi amansızlıqla öldürüb.
Cinayətin baş verməsinə gətirib çıxaran səbəblər ailə məsələlərinə aid olub.
İstintaq vaxtı Abbasın başqa cinayətinin də üstü açılıb. Məlum olub ki, o, bir neçə gün əvvəl qonşuluqda yaşayan əmisini də döyüb. Səbəbini isə onlarda kirayə qalan tələbələrin gecə səs salması ilə əlaqələndirib.