“Demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən biri cəmiyyətdəki bütün münasibətlərin şəffaf olmasıdır. Demokratik cəmiyyət haqqında danışanda həm də həmişə "hüquqi dövlət" ifadəsi işlədirik. Burada isə hüquq şəffaflıq üçün müəyyən kriteriyalar təşkil edə bilər. Söhbət əgər Dövlət Təhlükəsizliyi Xidmətinin, yaxud KQB-nin arxivlərinin açılmasından gedirsə, burada xüsusi qriflənmiş və kateqoriyalandırılmış sənədlər toplusu mövcuddur. Hər hansı sənədin məxfiliyi nə qədərdir, nə dərəcədə əhəmiyyətlidir, hansı dərəcədədir, məxfilik müddəti nə qədərdir? Arxiv sənədinin dövlət sirri təşkil etməyən, sadəcə, demokratiyaya və hüquqa, ictimai maarifləndirməyə xidmət edən tərəfləri varsa, əlbəttə ki, onun açıqlanması, məxfilik qrifinin üstündən qaldırılmasının vaxtı çatıbsa, açılması mümkündür. Yox, əgər açılan, məxfilik qriflərindən götürülən sənəd ictimai münasibətlərdə qarşıdurma, dövlət təhlükəsizliyi ilə bağlı təhdidlər yaradacaqsa, belə sənədlərin açılması mümkün deyil. Bu, ictimai faydalılıq baxımından da cəmiyyətin leyhinə olmur. Buna görə də arxiv sənədlərinin açılması ilə bağlı xüsusi qurumlar qərar verməlidirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə xidmətinin üzvü Hikmət Babaoğlu deyib.
