“İlon Mask “Azadlıq” və “Amerikanın səsi” radiosunun bağlanması ilə bağlı çağırış edib. Artıq hər kəsə bəllidir ki, Donald Tramp Administrasiyası Amerikanın xarici siyasətində kəskin düzəlişlər edir. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin yenidən təşkil edilməsi, Amerikanın vəsaitlərinin hara gəldi xərclənməsini qarşısının alınması, aparılan çoxlu ixtisarlar deməyə imkan verir ki, buna bənzər xeyli hadisələrə şahidlik edəcəyik. Xüsusilə, USAID-nin həddindən artıq lazımsız layihələri maliyyələşdirməsi, ABŞ-nin büdcəsinə külli miqdarda zərər vurması, onun imicinə xələl gətirməsi Tramp Administrasiyası tərəfindən irəli sürülən arqumentlərdəndir. Bununla yanaşı, digər strukturlarda da maliyyə axıntısının, lazımsız xərclərin qarşısının alınması üçün işlər həyata keçirilir. İlon Mask məhz bu proseslərə rəhbərlik edir. Nəzərə alsaq ki, bir çox maliyyə hesabatlarına Maskın birbaşa çıxışının qarşısı hazırda alınıb. Bu, o deməkdir ki, proseslər o qədər də asan irəliləməyəcək. Heç də nəzərdə tutulduğu qədər asanlıqla növbəti proseslərdə irəliləmələrə şahidlik edə bilməyəcəyik. Ancaq istənilən halda unutmamalıyıq ki, Tramp bu siyasətində israrlıdır. Xüsusilə, soyuq müharibə dövründən qalan, hələ də fəaliyyətini davam etdirən bir çox layihələrin yenidən təşkili nəzərdə tutulur. Buna da birbaşa "Azadlıq", "Amerikanın Səsi" və bu kimi soyuq müharibə dövründən qalan fəaliyyətlər aiddir. Bu məsələyə yenidən baxılması nəzərdə tutulur. Hər halda yaxın gələcəkdə biz "Azadlıq", "Amerikanın Səsi" ilə bağlı atılan addımları görə biləcəyik. Çünki onların fəaliyyətləri birbaşa USAID və xarici əks kəşfiyyatla bağlıdır. Düşünürəm, "Azadlıq", "Amerikanın Səsi" radiosunun fəaliyyətləri yenidən təşkil ediləcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
