“Sahil Babayevdən gözləntim qanunçuluqdur. Bu adam bütün hökumət üzvlərindən daha çox qanunauyğun fəaliyyət göstərir. Demirəm ki, həmişə... Azərbaycan şəraitində bu, tam mümkün deyil. Yəqin, səhvləri, qüsurları da var. Heç kəs demir ki, yoxdur. Sadəcə, bizdə insanlar bəzən qanunauyğun fəaliyyət göstərməklə siyasəti qarışdırırlar. Nazir icraçıdır. Qanunu isə Milli Məclis qəbul edir. Qanunauyğun fəaliyyət göstərmək budur ki, adam qanunlara riayət edir. Sahil Babayev də rəhbərlik etdiyi sahədə, yəni əmək və əhalinin sosial müdafiəsi sahəsi, pensiyaların verilməsi, Dövlət Sosial Müdaifə Fondunda imkanı daxilində digər nazirlərə baxanda qanunlara riayət etmə baxımından əslində inqilab etdi. Bilirik də, pensiya sahəsi necə bərbad idi. Hamı özünə pulla pensiya düzəldirdi. Sahil Babayev bu sahəni dəyişdi. Demək olar, pensiya sahəsində korrupsiya yoxdur. Yəqin ki, yenə kimsə nələrsə edir, amma ümumən sistemi dəyişdi. Bəziləri deyilər ki, “Sahil Babayev pensiyamızı kəsdi”. Ona görə kəsdi ki, sizin pensiyanız qanuna uyğun verilmirdi. Ola bilər ki, qanun özü düzgün deyil. Bəli, bunu istisna etmirəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Əlilliklə bağlı narazılıqlarla doğrudan da razıyam. Qanunu dəyişdirin, deputatınızdan tələb edin də. Deyin ki, qanun düzgün deyil, dəyişmək lazımdır. Sahil Babayevdən əvvəl bu sahəyə rəhbərlik edən şəxslər nə edirdilər? Pulla pensiya verirdilər və hətta dövlət orqanlarında da çox adam bu haldan razı idi. Bu dəqiqə elə məmurlar var ki, qanunsuz olaraq çox yüksək pensiya alırlar. Məhkəmə də bu işlərə yardımçı olurdu. Kimsə Fonda gəlib deyirdi ki, mənə pensiya ver, Fond isə imtina verirdi. Həmin adam məhkəməyə müraciət edirdi. Məhkəmədə hamısı əlbir olurdular - vətəndaş, Fond, məhkəmə. Məhkəmə sonda vətəndaşın iddiasını təmin edirdi, çox yüksək pensiya verirdi. İndi isə həmin məhkəmə qərarlarını dəyişmək olmur. Vəziyyət belə idi və hamı bundan sui-istifadə edirdi. O demək deyil ki, hamı qanunsuz pensiya alırdı. Kim ki korrupsiya yolu ilə pensiya əldə edib, əsasən də, məmurlar - onları nəzərdə tuturam. Sahil Babayev bu sistemi dağıtdı. Təbii ki, dağıdanda həm dövlət məmurları arasında, yüksək səviyyələrdə düşmənləri çoxaldı, həm də xalq arasında. İnsanlar düşünürdülər ki, pulumu verirəm, yaxşı pensiya alıram. Amma qanunsuz alırsan! Axı düzgün deyil, sən camaatın haqqına girirsən. Yenə deyirəm, qanun pisdir, onda gəlin, qanunu dəyişək. Sahil Babayevə buna görə qiymət verirəm. Yoxsa təbii ki, sosial sahədə də xeyli pozuntu var. Dəfələrlə demişəm”, - o bildirib.