90-ların sonu, 2000-lərin əvvəli – TV verilişləri arasında populyarlığı və reytinqi ilə lotereya verilişləri birinci yerdə idi. İnsanlar işdən evə gedərkən həvəslə bilet alar, axşam canlı efirdə bəxtini sınayardı. O dövrün cavanları üçün lotereya verilişləri ailəvi bir əyləncəyə çevrilmişdi. Bu gün həmin nəsil o illəri nostalji hisslərlə xatırlayır və ən əsası, lotereyanı sevdirməkdə böyük rolu olan Çingiz Əhmədovu unutmur…
Uzun fasilədən sonra yenidən lotereya verilişinə aparıcı qismində qayıdan, öz unikal performansı ilə efirləri canlandıran tanınmış aparıcı və aktyor Çingiz Əhmədov ilə müsahibəmizi təqdim edirik.
İlk lotereya verilişinin aparıcısı. O, necə seçildi?
Azərbaycanın tanınmış komediya aktyoru, Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov, ilk dəfə lotereya verilişinə aparıcı seçilməsi ilə bağlı maraqlı xatirələrini bölüşüb: “1998-ci ilin sonları idi. “Bəxt loto” üçün aparıcı seçimləri gedirdi. Seçimi Gürcüstandan gəlmiş mütəxəssislər aparırdı. 8 -10 nəfər namizəd var idi. Mən gələndə namizədlərin şəkilləri arasında özümün də fotomu gördüm – özü də gülərüzlü bir şəkil idi. Seçicilər məhz həmin şəklə baxıb dayandılar və qərarlarını verdilər.
O vaxt bu veriliş inanılmaz populyar idi! İnsanlar böyük maraqla “Bəxt loto”nu izləyirdi. Verilişin konsepti də cəlbedici idi – 45-50 dəqiqəlik bir proqram idi. Musiqili hissəsi üçün Cavan Zeynallı və digər məşhur müğənniləri dəvət edirdik. Bir dəfə Cavan Zeynallı verilişə gələndə gülərək dedi: “Adə, Çina, elə rahat gəldim ki, yollar bomboş idi. Sən demə, hamı evdədir, hamı sənin verilişinə baxır!”
Təqdim etdiyi ən böyük uduşlar
"O vaxtlar 50 minlik və 10 minlik (“Şirvan”) əsginaslar var idi. Yadımdadır ki, cekpot qaliblərinə podnos dolusu 50 minliklər təqdim etmişəm. O dövr üçün bu, inanılmaz məbləğ idi."
“VAZ-2107” qazanan qalib niyə sevinmədi? Qaliblərlə bağlı unudulmaz xatirələr
“VAZ-2107” udan bir qalib var idi ki, onu heç vaxt unutmaram. Boynunu əyəcək qədər qalın və uzun bir boyunbağı taxmışdı. Biz onu təbrik etdik, o isə kuponu göstərib soruşdu: “Bunun nə qədər vaxtı var hədiyyəni götürməyə?” Dedilər ki, 6 ay ərzində hədiyyə götürülməlidir, əks halda verilməyəcək. O, kuponu cibinə qoyub dedi: "Biz Yessentukiyə gedirik, qayıdanda götürərik." Görünür, həmin avtomobil ona o qədər də lazım deyildi, sadəcə bəxtinə düşmüşdü.