"Birdən qarşıma "vetnamka” çıxdı. Düşündüm ki, "vetnamka” bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var...” Bunu Lent.az-a 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqlarını aşkar edən Zaqatala sakini bildirib.
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı mənzərəni belə danışıb:
"Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.
R.Əliyev onun əynindəki paltarların çürüdüyünü qeyd edib:
"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vetnamkalar” və kəməri idi.