Fevralın 6-da barəsində həbs qətimkan tədbiri seçilmiş “Toplum TV”nin əməkdaşı Şahnaz Bəylərqızına qarşı qaldırılmış cinayət işi ilə bağlı tədbirlər davam etdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ş.Bəylərqızının Qərb mərkəzləri ilə əməkdaşlığı və onların maliyyəsi əsasında sifarişlər icra etdiyi şübhə doğurmur. Bir sıra layihələr üzrə görülən işlər, hətta Vətənə xəyanət kimi də klassifikasiya oluna bilər.
“Toplum TV”nin və onun mənsub olduğu şəbəkənin fəaliyyəti həqiqətən də onu deməyə əsas verir ki, Qərbin dəstəyi, bir qrup jurnalist və QHT nümayəndəsinin yaxından iştirakı ilə Azərbaycanda şəbəkə formalaşdırılıb və onun qarşısına konkret vəzifələr qoyulub. Bu vəzifələr əsasən USAİD, Soros Fondu kimi təsisatların layihələri çərçivəsində reallaşdırılır və ümumi şəkildə ifadə etsək, bilavasitə Azərbaycanın beynəlxalq aləmdə gözdən salınması, ölkəmiz haqqında yanlış rəy formalaşdırılması məqsədi güdür.