Bakıda ev almaq istəyən məmurun 65 min manatı mənimsənildiyi üçün şirkət rəhbəri həbs edilib.
Pravda.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, zərərçəkmiş şəxs Yevlax şəhər İcra Hakimiyyətinin Sektor müdiri-baş mühasibi Məmtiyev Raquf Rəhim oğludur.
Məmur İsa adlı şəxs tərəfindən dələduzluğa məruz qalıb. Belə ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bərdə şöbəsinin müdiri işlədiyi dönəmdə Bakıda ev almaq istəyib. Buna görə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində guya 3 bloklu, 16 mərtəbəli, hər mərtəbədə 4 mənzil inşaa edəcəyini deyən İsa adlı tikinti şirkətinin rəhbəri ilə görüşüb. İsa Raqufu sözügedən ünvanda 16 mərtəbəli bina tikdirəcəyinə inandırıb və ona həmin binada 95-100 kv.metr mənzil satacağını bildirib. Bu məqsədlə Raqufla müqavilə bağlayaraq, ondan 65.000 min manat pul alıb.
Raquf Məmtiyev binanın tikintisini 2014-cü ildən 2023-cü ilə kimi gözləyib. Lakin məlum olub ki, İsanın Zərdabi küçəsində yerləşən torpaq sahəsinə dair heç bir hüquq və sərəncam vermək barədə, habelə həmin torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etdirməsi haqqında hər hansı bir sənədi yoxdur.