Qazi ilə həkim arasında insident baş verib. Qazi ağrılara dözə bilmədiyi üçün ona 2 ədəd “Morfin” vurulmasını istəyib. Lakin xəstəxanada 1 “Morfin” qaldığı üçün qazi narazılıq edib və ağrılarına 1 “Morfin”in təsir etmədiyini deyib. Musavat.com-un xəbərinə görə, hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasında baş verib.
İkinci Qarabağ qazisi Həsən Mehdiyev xəstəxanaya gələrək güclü ağrıları olduğunu deyib. 1-ci dərəcəli əlil olan Həsənin hər iki ayağı dizdən amputasiya olunub, protez qoyulub. Bədənində mütəmadi ağrılar olduğu üçün xəstəxanaya üz tutub.
Sonuncu dəfə xəstəxanaya gələrək 2 “Morfin” vurulmasını istəyib. Lakin xəstəxanada çalışan Ərkinaz adlı həkim 1 ədəd “Morfin” qaldığını deyib. Həsən buna etiraz edərək qışqırmağa, həkimi təhqir etməyə başlayıb. O, ağrılara dözə bilmədiyini deyib. İnsident zamanı Həsən əlindəki telefonla həkimin sifətinə vurub.
Hadisə yerinə polis əməkdaşları gəlib. Xəstəxanada olan digər şəxslər də Həsəni sakitləşdirməyə çalışıb. Həmin zaman Həsənin qardaşı da yanında olub.