Sosial şəbəkədə səhifələrin birində xalq şairi Bəxtiyar Vahabzadənin Səməd Vurğunla bağlı bir xatirəsini oxudum. Xəstə yatan vaxtı Bəxtiyar müəllim ona “Ana dilim” adlı yeni yazdığı şeirini göstərir, deyir, çap eləmirlər. Səməd Vurğun şeiri oxuyur və balaca bir epiqraf yazır:
“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik!” V.İ.Lenin"
Bundan sonra şeir "Kommunist" qəzetində çap olunur.
Təsəvvür edirəm, Bəxtiyar müəllim bu söhbəti sağlığında hansı pafosla danışırmış və ətrafındakı adamlar “Puah!!!” deyib necə başını bulayırmış.
And içirəm, o adamların bəzilərinin, hətta Xudu Məmmədov kimi ayıq birinin gözlərinin necə dolduğunu da çox aydınca görürəm.
Hətta sovetin şil-küt edib bambılı günə saldığı şərq müdrikliyinin Rəmişin gitarası kimi necə kişnədiyini də eşidirəm.
Əntiqədir!
Demək, vəziyyətdə üç tərəf var: müəllif, Lenin və oxucu...
Üçünü də aldadıblar e!
Müəllifi də, Lenini də, oxucunu da!
Və şübhəsiz, alicənab “Kommunist” qəzeti öz ideologiyasının ayaqlarını yuyan bu bənzərsiz möhtəkirliyi lazımınca qiymətləndirib.