Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub. Bu statistika Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatında qeyd olunub. Hesabata görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası müntəzəm davam edir. Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı "sığınacaq" axtarışları qızıla olan marağı daha da artırıb. Şuradan bildirilir ki, ölkəmizin qızıl alışlarına Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl alışları daxildir.
Maraqlıdır, böyük miqdarda qızıl alışı nəyə hesablanıb? Səmərəlidirmi? Qarşıdakı dövrdə də bu tendensiya davam edə bilərmi? Pravda.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Millət vəkili Vüqar Bayramov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qlobal iqtisadiyyatda risklər artığı üçün qızıl investorlar tərəfindən daha az riskli yığım vasitəsi hesab olunur: "Xüsusilə də, qlobal ticarət müharibəsinin güclənməsi iqtisadiyyatda riskləri artıran səbəblərdəndir. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qızılla yığıma daha çox sərmayənin yönəlməsini müşahidə edirik".
Millət vəkilinin sözlərinə görə, qızılla yığımların artırılması təhlükəsizlik baxımından vacibdir: "Azərbaycan da artıq xeyli müddətdir ki, qızıla investisiya edir, idxalını artırır. Ən çox qızıl alan beşinci ölkə olmağımızın səbəbi sırf idxalla bağlı deyil. Bu, həm də Azərbaycanın özünün istehsal etdiyi, yəni, ölkədə hasil edilən qızılın emal edilərək sonradan ölkəyə gətirilməsi ilə bağlıdır. Bunların bir hissəsi Azərbaycandan hasil edilən qızılın emal edilərək ölkəyə qayıtması, digər hissəsi isə təbii ki, yığımlardır. Amma bütün hallarda qızılla yığımların artırılması iqtisadi təhlükəsizlik baxımından vacibdir".
Qarşıdakı illərdə bu tendensiyasının davam etməsi məsələsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, bu siyasət növbəti illərdə də davam etdiriləcək.