Rəssam-modelyer Elnarə Bəkirovanın atası, iş adamı Kamran Bəkirovu qətlə yetirib, meyitini quyuya atmaqda ittiham olunan iki nəfər – Mustafa Zeynalov və Namiq Əliyevin il yarım davam edən məhkəməsi yekunlaşıb.
Pravda.az Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə onların hər biri 19 il azadlıqdan məhrum edilib.
Onlar son sözlərində zərərçəkmiş tərəfdən – mərhum Kamran Bəkirovun ailəsindən üzr istəyiblər.

Mustafa Zeynalov
Təqsirləndirilən şəxslərdən 70 yaşlı Mustafa Zeynalov üzünü hakimlərə tutataq, son sözündə deyib:
“Elə cəza verin, həbsxanada ölməyim”.
1955-ci il təvəllüdlü Mustafa Zeynalov hüquqşünasdır, vaxtilə müstəntiq işləyib. Polis orqanlarında çalışmış Mustafa Zeynalov sonradan rüşvət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. O, “Kontakt Home” mağazalar şəbəkəsində hüquq şöbəsinin müdiri vəzifəsində də çalışıb.
1984-cü il təvəllüdlü Namiq Əliyev isə bankda hüquq şöbəsinin müdiri olub, daha sonra mobil operatorlardan birində şöbə müdiri işləyib, dəfələrlə müxtəlif dövlət qurumlarına fərdi layihələr verib, dövlət tədbirləri keçirib.

