Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə ilkin baxış iclası keçirilib. Pravda.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Aynur Nağıyeva əri içkili olduğu və evə gec-gec gəldiyi üçün bu hadisəni törədib.
Təqsirləndirilən şəxs ittiham aktına yazılanlarla razı olmayıb və özünü təqsirli bilməyib.
Dövlət ittihamçısı sübutların ardıcıllığı ilə ilk olaraq təqsirləndirilən şəxsin, sonra isə zərərçəkənin və şahidlərin ifadələri ilə davam etməyi təklif edib.
İfadə verən Aynur Nağıyeva hadisəni qısqanclıq zəminində törətdiyini bildirib:
"Mən 9 bıçaq vurmuşam, heç biri bir sm-dən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım mən. Hadisə olan gecə evə gec gəldi. Gəldi, dedi ki, mənə çay gətir. Dedim, kimin yanından gəlirsən, get o çay gətirsin sənə. Bu zaman dalaşdıq, çıxdı getdi, təzədən araq alıb gətirdi. Ondan sonra məlum hadisə baş verdi.