Azərbaycanda fəaliyyət göstərən “Avtokapital Azərbaycan” şirkəti ilə bağlı Ukrayna mediasında tərəfimizdən maraqlı araşdırma aparılıb.

Orxan Hacıyev
Tribunainfo.az xəbər verir ki, “Antikor” sayıtında “Mercedes-Benz” şirkətinin rəsmi distribyutoru olan bu şirkətin Rusiya ilə şübhəli əlaqələrindən bəhs olunur. Geniş araşdırma yazısında qeyd edilir ki, Orxan Hacıyevin rəhbərliyi altında “Avtokapital Azərbaycan” şirkətinin son iki ildə ölkəmizə gətirilən “Mercedes-Benz” markalı avtomobillərin satışında artım müşahidə olunub.
Ukrayna saytı yazır ki, satışın artımın əsas səbəbi bu avtomobillərin heç də Azərbaycan daxilində təlabatının artması deyil. “Antikor”un araşdırmasına görə, “Avtokapital Azərbaycan”, Qazaxstan və digər ölkələrdə fəaliyyət göstərən “Mercedes-Benz”in digər distribyutorları bu maşınları əsasən Rusiyaya satmaqla məşğuldurlar. Buna sübut olaraq qeyd edək ki, bu markanın tam yeni 2024 il istehsalı olan “GLS AMG” modeli Rusiya bazarında 400 min dollar civarında satılır. Bu isə model üzrə fantastik qiymət hesab edilir. Burda həmçinin qeyd etmək olar ki, redaksiyamıza “Mercedes”in Azərbaycan nümayəndəliyinin əməkdaşları tərəfindən qlobal defisitdə olan modellərin spekulyativ qiymətlərlə ticarət edilməsi barəsində məlumat daxil olub. Buna dəlalət yeni G-class modelləri ola bilər. (Bu haqda geniş təqdim edəcəyik.)
Təxminən 2023 cü ildə Britaniyanın nüfuzlu “Sky News” telekanalı da bu mövzuda maraqlı xəbər paylaşıb. Telekanal araşdırmasında qeyd edir ki, Azərbaycandan ixrac edilən avtomobillərin sayı 4800% qədərində artıb.
Britaniya kanalı onu da vurğulayır ki, Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib, buradan Rusiyaya idxal edilir. “Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin Rusiyaya qarşı sanksiyaları yan keçirmək, işğalçı müharibə aparan dövlətə dəstək verməsi kimi dəyərləndirilir”.
Məlumatlarda qeyd edilir ki, Qərbin sanksiyaları altında olan Rusiyaya bu avtomobil satışının həyata keçirilməsi “Mercedes” şirkətinin prinsiplərinə də ziddir. Çünki 2022-ci idlə bu konsern Rusiya bazarından çəkildiyini bəyan edib və sanksiyalar səbəbindən bu ölkəyə maşın satışını dayandırıb.
Hətta bir qədər əvvəl Rusiyada peyda olan çoxlu sayda “Mercedes Benz” markalı maşınlarının necə olub da, sanksiya altında olan ölkəyə gedib çıxmasını araşdıran alman şirkəti kələfin bir ucunu Moldovada tapıb. Məlum olub ki, şirkətin Moldovadakı nümayəndəliyi əl altdan maşınları Rusiyaya baha qiymətə ötürürmüş. Nəticədə, şirkətinin fəaliyyəti dayandırılmışdır.
Bəs belə olan halda “Avtokapital Azərbaycan” niyə belə bir addım atıb? “Antikor” yazır ki, bunun səbəbkarı “UkrAVTO”nun sahibi, Regionlar Partiyasının keçmiş üzvü Tariel Vasadzedir. Çünki milyardlarla dollar sərvəti olan Vasadze, həm də “Avtokapital” konserninin rəhbəri, “Mercedes Benz” şirkətinin rəsmi distribyutorudur.
Həmin araşdırmalara görə, Vasadzenin törəmə şirkətləri müxtəlif ölkələrdə 2022-ci ilə kimi ildə 1500-2000 ədəd “Mercedes” markalı avtomobil satıb. Hazırda isə bu rəqəm qat-qat artıb ki, bu da məsələnin bir ucunun Rusiyaya gedib bağlanmasına səbəb olub.
Vasadzenin adı bir neçə dəfə qalmaqallı məsələlərdə də hallanıb. Bu sırada 2023-cü ildə Qazaxıstanda açılan UkrAvto-nun nümayəndəliyinin Rusiyaya “Mercedes” satması ilə gündəmə gəlmişdir. Həmin şirkətə isə Tariyel Vasadzenin qızı Nina Vasadzenin başçılıq etdiyi məlum olmuşdur.
Maraqlı məqamlardan biri budur ki, Alma-Ata rəsmiləri maşınların Rusiyaya bu və ya digər formada satılmasını müəyyən etdikdən sonra şirkətə xəbərdarlıq etmişdilər. Bu faktın müəyyən edilməsi “Avtokapital” şirkəti tərəfindən birdən birə Qazaxıstanda satışların 10 dəfə artırmısı göstərib.
İşin digər ilginc tərəfi isə odur ki, Vasadzenin satdığı “Mercedes”in səsi işğal altında olan Krımdan da gəlmişdir. Məlum olmuşdur ki, “Mercedes Benz” korporasiyasının qəti qadağan etdiyi bu hal pozulub.
“Antikor” yazır ki, Rusiyaya maşın satmaq məsələsində Azərbaycandakı dstribyutor da rol oynayıb, hər nə qədər məsələni gizli saxlasa da, bunu aşkarlamaq onlar üçün çətin deyil. Eyni zamanda, bu məsələdən Bakının xəbər tutacağı təqdirdə, “Avtokapital Azərbaycan”ın nə edəcəyini də maraqla izlədiklərini bildirirlər.
Sayt Bakıdakı yeni təyin edilən nümayəndə Fərhad Rzayevlə dəfələrlə telefonla əlaqə saxlayıb, məsələyə münasibətini öyrənməyə çalışıb. Lakin qarşı tərəf ona cavab verməkdən imtina edib.



