Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə öz vəkilindən imtina edən Vüsal Əlizadəyə dövlət hesabına müdafiəçi təyin edilib.
Bundan sonra isə Cəlal Kazımova dövlət hesabına təyin edilmiş vəkil təqdim edilib. Lakin Cəlal Kazımov vəkilin müdafiəsindən imtina edib. O, ümumilikdə məhkəmədə vəkilə ehtiyacı olmadığını bildirib.
Hakim isə təqsirləndirilən şəxsə izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir. O, yenə də vəkilə ehtiyacı olmadığını deyib.
Hakim onun etirazının qəbul edilmədiyini bildirib.
Daha sonra Vüsal Əlizadənin vəkili apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, onların bu vəsatəti təmin olunmayıb. Hakimlər vəsatətləri təmin etməyib. Apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Məhkəmə baxışı martın 10-na təyin olunub.
Qeyd edək ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər.