Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "Hərbi əməliyyatların hüquqi aspektləri" mövzusunda kurs keçirilir.
Pravda.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə general-mayoru Elçin Əliyev Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun son illər ərzində apardığı əməliyyatlar zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunduğunu xüsusi qeyd edib.
General-mayor E.Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinə Beynəlxalq Humanitar Hüququn (Silahlı Münaqişələr Hüququnun) müddəalarının çatdırılması və əməl edilməsinə nəzarətin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.