“Hər dəfə Rusiya ilə münasibətlər soyuyanda, natamamlıq kompleksi olan adamlar bu məsələni qaldırır. Onlar Bakıda təhsil ocaqlarının bağlanmasını istəyir. Mən Bakıda bir əsr ərzində formalaşmış təhsil ocağının əleyhinə olacağam və etirazımı bildirəcəyəm. Hansı xəstəxanalar daha keyfiyyətlidir? Ödənişli, yoxsa pulsuz? Əlbəttə, ödənişli. Rus dili 6 dünya dilindən biridir. Rus sektoru Azərbaycan dilli məktəblərə nisbətən çox gözəl təhsil verir. Niyə görə dövlət tərəfindən maliyyələşdirilməməlidir?!” Medianews.az xəbər verir ki, bu sözləri TV Musavat-a müsahibəsində kinorejissor Ayaz Salayev deyib.
O bildirib ki, rusdilli məktəblər ölkə təhsilinin inkişafında böyük rol oynayır:
“Bütün fənlərin rus dilində tədris olunduğu məktəblər qalmalıdır və həmin məktəblərdə yüksək səviyyədə Azərbaycan dili keçirilməlidir. Çünki ölkəyə savadlı, düşüncəli adamlar lazımdır. Bir dil bilən adamın səviyyəsi yoxdur. Əgər adamın beyninə öz doğma dili səviyyəsində hansısa ikincii dil sığışmırsa, onun düşüncə imkanları məhduddur. Mən Azərbaycan məktəblərinin əleyhinə deyiləm. Bu, mütləq olmalıdır! Azərbaycan dili dövlət dilidir. Amma rus məktəbləri çox böyük iş görür”.