2017-ci ilin iyun ayının 30-da Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay almışam. Səhmdar Cəmiyyətin təxminən 80 faizi S.Mehdiyevdə olub. 80 faizin 25 faizini mən tam qanuni yolla Gəncə ASAN Xidmət 1-də alqı-satqı edərək əldə etmişəm. Ancaq indiyə qədər Milli Depozit Mərkəzi mənim alqı-satqımı tanımır. Mərkəzin süründürməçiliyi səbəbindən mənim paylarım da daxil ərazilər deputat Ülvi Quliyevin oğluna hansısa yollarla satılıb, ərazidə müəssisə də tikilib, artıq istehsalat da başlayıb. Bu sözləri Tribunainfo.az-a Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay alan Qurbanlı Ramin Qurbanlı oğlu bildirib. O qeyd edib ki, Milli Depozit Mərkəzinin müqavilədə səhv hesab etdiyi bütün hissələri düzəldib, ancaq mərkəz qane olmur və yeni bəhanələr yaradır:
“Alqı-satqıdan sonra mən Kərimov Vaqif Şahmalı oğluna etibarnamə vermişəm və o Bakıya Milli Depozit Mərkəzinə gedib. Mərkəzdə ona deyiblər ki, alqı-satqı müqaviləsində bəzi sözlər düzgün yazılmayıb. Mən nələri ki, düzəltmək lazım idi, onları düzəldib yenidən Milli Depozit Mərkəzinə geri göndərmişəm. Demək, müqavilədə ASAN Xidmət səhmlərin paylanışını kəsr ədədi ilə yazmışdı. Bunu nöqsan kimi qəbul etdilər və mən bunu ASAN Xidmətdə düzəltdirdim. Mən ASAN Xidmətə bu səhvi 4-5 ilə düzəltdirə bilmişəm, düzəltmirdilər. 2024-cü ilin dekabr ayında məktubla müraciət edərək bildirdim ki, mənim səhmlərimin alqı-satqısını tanıyın. Ancaq Milli Depozit Mərkəzi yenidən məndən sənədlər tələb edir. Alqı-satqı vaxtı mən 5 min manat “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə alıcıya vermişəm və alıcı da götürüb. İndi Milli Depozit Mərkəzi həmin ödənişin qəbzini tələb edir, ABB isə qəbzi vermir ki, bizim arxivimiz yoxdur. ASAN Xidmət də o pulu ödəməyimə dair heç bir sənəd vermir. Üstəlik həmin ASC də mənim xəbərim olmadan mənim paylarımı da satıb. Hazırda mənim payım olan ərazidə böyük müəssisə tikilib, artıq istehsal da var”.
Şikayətçi bildirib ki, onun indiyə qədər öz payına sahib çıxa bilməməsinin səbəbi və günahkarı Milli Depozit Mərkəzidir:
“Bütün bu çətinlikləri yaşamağıma səbəb Milli Depozit Mərkəzinin mənim alqı-satqımı tanımamasıdır. MDM-nin fikrincə, guya biz alqı-satqını düzgün aparmamışıq. Belə çıxır ki, Milli Depozit Mərkəzi cənab prezidentin təsis etdiyi ASAN Xidmətin alqı-satqısını tanımır. Bildirirlər ki, orada yazılmalıdı ki, pulu nağd vermisən ya bank yolu ilə vermisən. Əgər bu səhv var idisə elə 2017-ci ildə olan səhvləri düzəldərkən bunu da qeyd edərdiniz, düzəldərdim də. Milli Depozit Mərkəzinin nümayəndəsi mənə deyir ki, guya ABB onlara bildirib ki, mən guya 5 min manatı nağd vermişəm. Mərkəz deyir ki, müqavilədə yazılsın ki, siz pulu nağd vermisiz. Guya biz birjadan kənar alqı-satqı etmişik. Ona görə mən də, satıcı da mərkəzə gedib rüsum ödəməliyik. Rüsumu mən ödəməyə hazıram. Amma səhmləri satan adamı indi haradan tapım?. Ona dəfələrlə demişəm depozit mərkəzinə getməyi. Ancaq adam ora getmək istəmir. Pulunu alıb, niyə getsin ki, ora? Mən orada 14.130 səhmə malikəm. Ancaq ASAN xidmət yazıb ki, 129, 75 səhm. ASAN Xidmət əməkdaşının yol verdiyi səhvin problemini indi mən yaşayıram. Düzdür, bu səhvləri mən min bir əziyyətlə düzəltmişəm. Ancaq səhv düzələndən sonra da axı Milli Depozit İdarəsi mənim səhmlərimi tanımır”.



