Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən ölkədə soyuq hava şəraiti və havanın kəskin sürətdə pisləşməsi ilə bağlı olaraq bütün növbədənkənar işçi heyətinin işə cəlb olunması prosesini həyata keçirib. Bunu "Report"a açıqlamasında "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, soyuq hava şəraitində abonentlər hər hansı bir problem yaşamasınlar: "May ayından etibarən hər il "Azəriqaz" İstehsalat Birliyi olaraq biz payız-qış mövsümünə hazırlıq prosesini icra edirik. Bu proseslər çərçivəsində yeraltı qaz xətlərinin yerüstü laylar üzərinə qaldırılması, korroziyaya uğramış qaz borularının yeniləri ilə əvəz olunması və sızmaların vaxtından aşkar olunması kimi tədbirlər həyata keçirilib. Bütün görülən işlər onu deməyə əsas verir ki, "Azəriqaz" olaraq biz abonentlərə söz vermişik ki, bu soyuq hava şəraitində heç bir ciddi problemlərlə üzləşməyəcəklər".