Antalya mərkəzli "Maydanoz Döner" restoranlar şəbəkəsinə qarşı Türkiyə üzrə genişmiqyaslı əməliyyat keçirilib. Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, "Maydanoz Döner" şəbəkəsi franchise (ad hüququ) modeli ilə fəaliyyət göstərsə də, bu sistemdən FETÖ-yə bağlı şəxsləri maliyyələşdirmək üçün istifadə olunub. Şirkət, terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.
Təhqiqat zamanı müəyyən edilib ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub və bu sistemə Referans Temelli Büyüme (RTB) adı verilib. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilati etimada əsaslanan bir model tətbiq edilib.
acec0575-51d3-4f94-9fe9-c62a18e0631a.jpg (115 KB)
Şirkətin FETÖ ilə əlaqəli şəxslərə iş imkanları yaratdığı və beləliklə təşkilata pul axını təmin etdiyi müəyyən edilib. Eyni zamanda, dönər restoranlarının himmət toplamaq üçün istifadə olunduğu və əldə edilən vəsaitlərin müxtəlif yollarla FETÖ-yə çatdırıldığı aşkarlanıb.
Saxlanılan şəxslərin ifadələrinə əsasən, restoranlar şəbəkəsinin gizli şəriklərinin səhmləri sataraq qazandıqları pulları izlənməməsi üçün əmanət üsulu ilə, yəni qızıl mağazaları və digər ticarət obyektləri vasitəsilə ötürdükləri təsdiqlənib.
Şirkətin yeni filiallar açaraq qlobal miqyasda genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrini asanlaşdırdığı müəyyən edilib.
MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.