Bakıda oğlunu işə düzəltmək istəyən şəxs aldadılıb. Bu cinayət işində sabiq təhsil şöbəsinin müdiri və özünü deputatın xalası oğlu kimi təqdim edən şəxslərin adı keçir. 64 yaşlı Faiq Q. dələduzluqda təqsirləndirilərək hakim qarşısına çıxarılıb.
Təqsirləndirilən şəxs Faiq Q. ifadəsində deyib ki, “Azadlıq” metrostansiyasının yaxınlığında təqaüdçülərin toplaşdığı kafedə Şamil adlı şəxsi tanıyıb. Sonradan Şamil Nurəliyevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri işlədiyini öyrənib.
Onun sözlərinə görə Şamil Nurəliyevin tanışı olan Şəmsəli adlı şəxs oğlunu işə düzəltmək istəyib. Bu barədə Şamil Nurəliyev ona məlumat verib.
“Şamillə bir yerdə olanda Şəmsəli ona zəng elədi. Şəmsəli oğlu Ramazanı işə düzəltmək istədiyini dedi. Şamil də mənə söylədi. Bu işi həll edə biləcəyimi dedim. İşin 9 min manata düzələcəyini bildirdim. Əvvəlcə 5 min manat aldım. Sonra da min manat. Amma iş düzəlmədi” - deyə təqsirləndirilən şəxs bildirib.
Zərərçəkmiş Şəmsəli isə dindirilən zaman qeyd edib ki, onun aldadılmasında Şamilin də günahı var: “Məni Faiqlə Şamil tanış elədi. 5 mini verəndən sonra xərçəng xəstəsi olduğunu, min manat da müalicəsi üçün lazım olduğunu dedi. Həmin pulu da verdim. Faiq deyirdi ki, xalasının oğlu deputatdır. İşi onun əli ilə həll edəcəkdi. Amma iş düzəlmədi, pulumu da ala bilmədim. Pulun hamısını borc almışam. Şamil mənə deyirdi ki, Faiq pulu verməsə, özü verəcək”.