2018-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuş, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili işləmiş Tükəzban Aşurovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Aşurova hüquqlarını müdafiə etdiyi şəxsin ailə üzvlərindən 10 min manat alaraq onları aldatmaqda ittiham edilir.
Aşurova cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun vəkillik fəaliyyəti dayandırılmışdı.
İstintaqla müəyyən edilib ki, Aşurova narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilmiş Elgiz Əliyevin hüquqlarını müdafiə edirmiş. O, həmin şəxsin ailə üzvlərindən 10 min manat alıb. İttihama görə Aşurova həmin məbləğ qarşılığında hakim Novruz Kərimovun icraatında olan işə təsir etmək imkanının olduğunu, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına nail olacağını deyib.
Bu məqsədlə 10 min manatın hissə-hissə öz kartına köçürülməsinə nail olub. Lakin vədinə əməl etməyib, Elgiz Əliyev həbsdə qalıb. Bundan sonra Elgiz Əliyevin ailəsi öz vəkillərindən şikayətçi olub.
Məhkəmədə dindirilən zaman Aşurova bildirib ki, 10 min manatı hakimə və ya hər hansı vəzifəli şəxsə vermək üçün almayıb. O, 5 min manatı qonorar kimi özünə, 5 min manatı isə müdafiə etdiyi Elgiz Əliyevin işdən kənar problemlərini həll etmək üçün aldığını deyib. Onun sözlərinə görə Elgiz Əliyev işdən kənar problemlərinin ailə üzvlərinin bilməsini istəməyib və buna görə də onun ailəsinə heç nə deməyib.