2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, zərərçəkmiş qismində tanınan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin nümayəndələrinin dindirilməsini xahiş edib. Vəkil əlavə edib ki, həmin şirkətdə aparılan audit yoxlaması ilə bağlı sənəd məhkəməyə təqdim edilməlidir: "Çingiz Mehdiyevin gətirdiyi malların bir qismi yoxlama aparılan müddətə qədər istifadəyə yararsız hala gəlib və ya istifadə olunub. Bu səbəbə görə onların tapılmaması normaldır. Sənədlərdə isə bu qeyd olunmayıb".
Vəkil əlavə edib ki, zərərçəkmiş kimi tanınan “Formula 1”-də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmayıb: "Həmin şirkətin əməkdaşları, xüsusən də sərəncam verən şəxslər dindirilmədi. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingizin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı sadə məsələlərdə səhvlərə yol verilib. Həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik".
Çingiz Mehdiyev əlavə edib ki, bütün dünyada yarışlar üzrə ən ucuz qiymət Azərbaycandadır: "Mütəxəssis tam əksini iddia etsə də, dünya üzrə ən ucuz qiymət bizdədir. Haradan istəyirsinizsə, gedib yoxlayın".
Hakim isə deyib ki, təqsirləndirilən şəxsin bununla bağlı sənədi varsa, sübut kimi təqdim edə bilər.
Daha sonra vəkil bu işdə rəyi alınan mütəxəssisin və ekspertin dindirilməsini xahiş edib.
Məhkəmə audit yoxlaması ilə bağlı sənədin təqdim edilməsi haqqında vəsatəti baxılmamış saxlayıb. Digər vəsatətlər təmin edilməyib.