Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, muğam ifaçısı Qədir Rüstəmovun xanımı Fatma Rüstəmovanın Musavat.com-a müsahibəsini təqdim edirik:
- Qədir müəllim əslən Şuşalıdır. Ailəsi 1915-ci ildən sonra Ağdama köç edib. O, 1935-ci ildə Ağdamda anadan olub. Atası Çərkəz kişi və anası Südabə xanımın 9 uşağı- 5 qızı,4 oğlu olub. Qədir evin 3-cü uşağı idi. Genetik olaraq onların hamısının gözəl səsi olub. Həyətlərini konservatoriya adlandırırdılar. Əbülfət Əliyev, Bahadur Mehrəliyev, qardaşı tarzən Nadir Rüstəmov bir yerə yığışanda çal-çağır olurmuş. Qardaşları heç bir musiqi məktəbinə getmədən bədahətən tar çalıblar. “Zəminxarə Təsnifi”ni Nadir müəllim kimi heç kim gözəl çala bilmədi. Digər qardaşı Bəkir müəllim həm tar, həm də kaman çalırdı. Babaları Mehdi kişinin də çox yaxşı səsi var imiş. Qədirin əmisi oğlu Eldar Rüstəmov Ağdam toylarının əksəriyyətində ifa edib.
WhatsApp Image 2025-02-24 at 12.41.41.jpeg (85 KB)
Yoldaşım Ağdamda 3 nömrəli məktəbdə oxuyub, daha sonra Üzeyir Hacıbəyov adına texnikumu bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Onun diplomlarını muzeyə təhvil vermişəm. Bəzən yazırlar ki, Qədir müəllimin savadı yox idi. Əksinə çox savadlı idi və mütaliəni çox sevirdi. Bəzən mən evdə hansısa qəzəli şifahi oxuyurdum, yoldaşım onu əzbərləyirdi. Xaqani Şirvaninin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin qəzəllərini sevirdi.
Onun Ağdamda böyük kitabxanası qaldı. Klassik rus və Avropa yazıçılarının əksəriyyətinin əsərlərini orada tapa bilərdiniz. Təəssüf ki, biz o kitabları özümüzlə götürə bilmədik, Ağdam işğal olunanda canımızı çıxardıq, hər şey orada qaldı. İndi həmin qiymətli arxiv yadıma düşəndə çox üzülürəm.
-Qədir müəllimin sənətdə kəşf olunmasında kimlərin rolu olub ?
- Yoldaşım 5-6 yaşından oxuyurmuş. Qədirin ilk müəllimi Bahadur Mehrəliyev olub. O, Qarabağın bütün toylarında, el şənliklərində Xan Şuşinksi ilə bərabər iştirak edib. Bahadur kişi Qədiri 11 yaşında Xan əminin yanına aparıb və deyib ki, bu uşaq qəşəng oxuyur, onu dinlə. Xan ona deyib ki, “ay qara oğlan, oxu görək, səsini yaman tərifliyirlər. Görək, nə qüdrətə maliksən”.
Qədir orada “Qarabağ şikəstəsi”ni oxuyub. Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy -buxunun yaxşıdır, əgər sözə baxan olsan, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”.
Qədirin ilk qavalını və qəlyanını Xan Şuşinski bağışlayıb. Yoldaşımın 20-25 yaşlarında Xan əmi onu özü ilə toylara aparırmış. Hətta onu Seyid Şuşinskiyə də təqdim edib, deyib, gör necə oxuyur. Qədir “Çahargah” oxuyub. Seyid necə bəyənibsə, yoldaşımı Bakıya dəvət edib. Deyib, “gələcəyin dəhşət olacaq, hamını keçəcəksən, arıq cüssənə baxmayaraq, şir kimi oxuyursan”.
-Onunla tanışlığınız necə olmuşdu?
-Bacımın ailəsi Qədir müəllimgilin evinin yaxınlığında yaşayırdı. Mən onlara gedib gələndə yoldaşım məni görüb bəyənmişdi. Dəfələrlə atama xəbər göndərmişdi ki, mənə elçi düşmək istəyir, lakin atam bu izdivaca razı olmurdu. Çünki aramızda 20 yaş fərqi var idi. Buna görə də Qədir müəllim məni qaçırmışdı.
-Dediniz, Ağdamdakı kitabxananı götürə bilmədiniz, işğal günü çıxmışdınız?
- 1992-ci ildə ermənilər Ağdamı güclü raket atəşinə tuturdular. Onda uşaqlarımız balaca idi. Qədir müəllim bizi Ağdamdan çıxarıb Oğuza apardı, özü isə yenidən oraya qayıtdı. Atışmalar dayananda uşaqlarla yenidən evimizə geri döndüm. Ağdamda bizim yaşadığımız küçədə artıq yaşayış yox idi. Bir bizim ailə idi, bir də əsgərlər...Bir gecənin içində taleyimiz dəyişdi. 1993-cü ildə Ağdamı yenidən raketlə atəşə tutdular. Uşaqlarımızı da götürüb yola düşdük. Ağdamın çıxacağında maşının benzini qurtardı. Təsəvvür edin ermənilər şəhərin o başından hücuma keçiblər, biz də bu başında yolda qalmışıq. Qaçan, ağlayan, traktorun üstündə gedən... Beləliklə, qardaşım benzin tapıb gətirdi və biz Ağdam şəhərindən çıxıb, Çəmənli kəndinə gəldik. Orada düşündük ki, bəlkə, ermənilər geri çəkiləcəklər və biz evimizə geri qayıda biləcəyik. Lakin elə o vaxtdan Ağdama həsrət qaldıq. Ondan sonra bir neçə rayona getdik və sonda Oğuzda məskunlaşdıq. Uşaqlarımız instituta qəbul olunanda Bakıya köçdük.
Qədirin günü Ağdamda hərbçilərlə keçirdi. Ona silah və hərbi paltar vermişdilər. Səngərdə gözləyirdi ki, bu gün, sabah Ağdamı qaytaracaqlar. Qədir müəllim bir müddət qaçqın şəhərciyində Qızıl Ayparanın çadırında yaşadı. Çünki şəhərcik Ağdama yaxın idi, hər gün hərbi hissələrə gedə bilirdi. Xalq artisti Rəmişlə Qədir əsgərlərimiz üçün çalıb oxuyurdular.
Ağdam işğal olunanda yoldaşım günlərlə üzün qırxmadı, özünə gələ bilmədi. Çox ağır depressiyaya girdi...Mən çox istərdim ki, Ağdam şəhəri bərpa olunanda Qədir müəllimin adına bir küçə salınsın və bir musiqi məktəbi tikilsin. O, son nəfəsinə qədər Ağdamı arzuladı. 1993-cü ildə Ağdam işğal olunandan sonra uzun illər toylara getmədi. Çox qürurlu insan idi. Deyirdi ki, deyəcəklər, torpağı işğal olunub, bu toylarda oxuyur. Halbuki o sənətkar idi, ailəsini sənəti ilə dolandırırdı. 1996-cı ildə Heydər Əliyev yoldaşımı “Şöhrət ordeni” ilə təltif etdi və ona dedi, “bizim bir qarış torpağımız ermənilərdə qalmaycaq. Sən bu gündən get, sənətini davam etdir, bu cür səsin var”. Ondan sonra Qədir müəllim 6-7 muğam yazdırdı. Lakin toylara heç vaxt pul danışıb getmədi, qonaq qismində iştirak etdi.
-Deyəsə, həm də kaprizli insan olub, hər toya getmirmiş...
-70-ci illərdə mədəniyyət naziri qardaşının oğlunun toyuna çağırdı, getmədi. Rayonda olanda zəng edirdilər ki, filankəs rayona gəlir, Qədir gərək mütləq oxusun. “Mən balıq tutmağa gedirəm”- deyib imtina edirdi. Heç kəs ona zorla nəsə etdirə bilməzdi.
Bəzən də olurdu ki, kimsə zəng edirdi və deyirdi: “Qədir müəllim, mənim arzumdur ki, siz mənim uşağımın toyunda oxuyasınız”.
Bir qəpik götürmədən gedib həmin adamın toyunda oxuyurdu. Qəlbi yumşaq adam idi. Bir tikəni də bölüşərdi. Həyətdə qonşunun uşağı ağlayırdısa, gedib onu evə gətirirdi ki, yedizdir, acından ağlayır.
-Qədir müəllim haqda sənətkar kimi danışdıq. Bəs necə ailə başçısı, necə ata idi?
- Ona kimsə meyvə bağışlayanda yeməzdi, gətirib balaları arasında bölərdi. Neçə il özünə əyin-baş almadı ki, qoy pulu övladlarımızın təhsilinə xərclənsin. İki oğlumuz, bir qızımız var, üçü də ali təhsil alıb. Ataları qoymadı ki, uşaqlar əziyyət çəksin. Dedi, “nə qədər sağam, qoy uşaqlarım ürəkli böyüsün”.
Bir dəfə onlara əl qaldırmadı. Mən qədir müəllimin yanında böyüdüm, həyatı tanıdım. Nə qədər söz-söhbətimiz olsa da bir dəfə də olsun onun üzünə qayıtmadım. 36 il evli olduq, heç vaxt atam evinə küsüb getmədim. Ailəsini çox istəyirdi, bir dəfə də olsun bu evə əli boş gəlmədi. Əsil kişi kimi ailəsinin qayğısına qaldı. Rəhmətə gedəndə 4 maşını var idi. Hamısını öz əziyyəti hesabına almışdı.
-Eşitdiyimə görə, hətta dövlət rəsmiləri də onu çox sevirmiş...