Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub. Sosial müavinətlərin unifikasiyası ilə əlaqədar olaraq, “Sosial müavinətlər haqqında” qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.