Məlumdur ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Avropanın xüsusilə avtomobil istehsalçı ölkələri Rusiyaya qarşı sanksiyalara başladılar. Sanksiyalar nəticəsində Avropa istehsalı avtomobillərin Rusiyaya satışı tamamilə dayandı. Britaniyanın nüfuzlu “Sky News” telekanalı isə yaxınlarda xəbər yayıb ki, bu ölkənin, eləcə də ayrı-ayrı avtomobil istehsalçısı olan Avropa ölkələrinin avtomobilləri Azərbaycana idxal olunmaqla oradan da sanksiyalar altında olan Rusiyaya satılır. Məlumatda qeyd edilib ki, təkcə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə 2000% artıb ki, bu da tamamilə görünməmiş bir sıçrayışdır. Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib buradan Rusiyaya idxal edildiyi qeyd olunur. Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin işğalçı müharibə aparan Rusiyaya dəstək verməsi kimi dəyərləndirilir. Tribunainfo.az xəbər verir ki, sanksiya altında olan Rusiyaya Azərbaycandan Alman istehsalı olan “Porsche” avtomobillərinin daşındığını əks etdirən görüntülər də var. Sözügedən görüntülərdən məlum olur ki, ən az 5 “Porsche” avtomobilinin yükləndiyi yük maşını sərhədi keçməyə hazırlaşır. Bu daşınmanı kimlər həyata keçirir, məlum deyil.
Azərbaycanda “Porsche” avtomobillərinin rəsmi dileri “Porshe Bakı Mərkəzi”dir. Azərbaycanda “Porsche” avtomobillərinin yeganə rəsmi dileri bu mərkəz olduğuna görə diqqətlər ilk olaraq ona yönəlir. Ancaq bu ehtimallardan biridir. Digər ehtimallardan biri də budur ki, bu avtomobilərin Rusiyaya daşınmasını, qanunsuz satışını Qazaxıstan nümayəndəliyi həyata keçirir.