Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Pravda.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
Prosesdə təqsirləndirilən Martin Rayan ifadə verib.
O bildirib ki, səfirlikdə işləyən 3 nəfərlə əlaqəsi olub:
"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idilər. Onlar əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdılar. Onlar pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Mən onların agent olduğunu bildim. Onların davranışları və mənə verdikləri suallardan bu bəlli idi. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Onlar bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta onlar burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər. Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam. Çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".
Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib:
"Azərbaycana biznes məqsədilə gəlmişəm. Azərbaycanın çox qədim tarixi var. Xaricdə xeyli azərbaycanlıyla tanış olmuşam. 2015-ci ildə turist kimi də Azərbaycana gəlmişəm. 2016-cı ildə Ramin adlı azərbaycanlı dostumla burada iş qurduq. 2 ilə yaxın burada Raminə kömək etdim. Bu vaxt mənim Fransa səfirliyi ilə əlaqələrim yarandı. 2019-cu ildə Ramin mənə daha bir iş təklifi etdi, razılaşdım. Fransa şirkətlərini Qafqaza cəlb edirdilər. Bu, qeyri-neft sektoru ilə bağlıydı. Azərbaycan-Fransa arasında yaxşı əlaqələr var idi. Şirkət yaratdıq və mən menecer kimi çalışdım. Hər şeyi Fransada qoyub, Bakıya köçdüm. Mən Azərbaycana normal iş qurmaq məqsədilə gəlmişdim. İş adamı kimi Fransa səfirliyi ilə əlaqələrim yarandı. Azərbaycan dilini müəyyən qədər öyrəndim.
Fransa kəşfiyyatının nümayəndələri ilə daha təhlükəsiz yer hesab edilən Fransa səfirliyinin inzibati binasında və ya ictimai yerlərdə görüşürdük. Onların mənimlə yaratdığı əlaqə şəxsi əlaqə idi. Sadəcə mənim etibarımdan sui-istifadə ediblər. Məni bu məxfi fəaliyyətə cəlb ediblər. Həssas məsələlər olurdu, sual verirdilər, mən də cavab verirdim. Mənimlə görüşənlərdən biri, bayaq dediyim kimi, təhlükəli iş təklif etdi, qəbul etmədim. Onlar Azadı da bu işə cəlb etmişdilər. İstəkləri Azərbaycanda fransızca danışan ziyalı şəxsləri bu işə cəlb etmək idi. Azadın da səfirlikdəki həmin şəxslərlə əlaqəsi var idi, mütəmadi görüşürdülər. Azadla başa düşdük ki, bizi manipulyasiya ediblər. Onlar bizə bu fəaliyyətimizin müqabilində təhlükəsizlik zəmanəti vermişdilər. Çünki onlar diplomat idi. Bizimlə görüşənlərin hamısı səfirliyin eyni idarəsində yüksək vəzifələrdə fəaliyyət göstərirdilər.
Onlar deyirdi ki, Azərbaycanda nə baş verirsə, onlara da məlumat verək. İranla, Rusiya ilə bağlı məsələləri öyrənmək istəyirdilər. Tapşırırdılar ki, İran və rusiyalı biznesmenlərə inanmayaq.
Səfirlikdə çalışan 4-cü agent də olub, onunla mənim heç bir əlaqəm olmayıb. Həmin adam Azadla əlaqədə olub. Lakin mən onunla bir dəfə görüşmüşəm. Ölkələrarası münasibətlər gərginləşəndə mən Azadla onlara suallar verirdik. Soruşurduq ki, onlarla əlaqələrimiz qırıla bilərmi? Onlar isə heç bir problemin olmadığını demişdilər.
Həbs olunandan sonra Fransa hökumətindən kömək istəmişəm. Fransa hökumətinin bunlardan xəbəri olub.