Cari il fevralın 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) səfər edib və Akademiyanın rektoru Slagjana Taseva ilə görüş keçirib.
Pravda.az xəbər verir ki, görüşdə IACA-nın rektoru Slagjana Taseva ARVK sədrinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib, korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini söyləyib.
Sonra Akademiyanın əməkdaşları IACA tərəfindən təşkil edilən təlimlər və tədris proqramlar barədə danışıblar.
Görüşdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək vəkillərin peşəkar inkişafına və təhsilinə böyük önəm verildiyini bildirib, həmçinin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər və hüquqi islahatlar çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə effektiv strategiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. O, IACA ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycan vəkillərinin bu akademik platformadan yararlanmasının əhəmiyyətini qeyd edib.
Görüş zamanı ARVK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və son illərdə həyata keçirilən işlər barədə təqdimatla çıxış edib.
Həmçinin nümayəndə heyətinin üzvü Elçin Usub müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın gələcək perspektivləri və vəkillərin təhsil imkanlarının genişləndirilməsi barədə təkliflərini səsləndirib.