Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Məhkəmədə şahid qismində ifadə verən Kamil Əşrəfov bildirib ki, “Şahin CO” şirkətinə Müdafiə Nazirliyi üçün xüsusi avadanlıqların alınması üçün kredit ayrılıb:
“Kapitalı az və kiçik şirkətlərə böyük həcmli kreditlər ya ayrılmır, ya da çox nadir hallarda ayrılır. Məndən olsaydı, heç bir sənədə imza atmazdım. Bizdən kredit ayrılması üçün xahiş etmişdilər. Biz də ayırdıq. Ayrılan kredit məbləği bankın öz kapitalı hesabına olub. Müştərilərin banka yatırdığı pullarla ödəniş olunmayıb. Ayrılan pullar “Şahin CO”nun istəyi ilə bir qismi nağdlaşdırılmış, bir qismi də hesaba köçürmə ilə ödənilib”.
Təqsirləndirilən Zahid Niftəliyev “Şahin CO”nun borclarından xəbəri olmadığını, ümumiyyətlə, bütün proseslərdən məlumatsız olduğunu bildirib.
Daha sonra iş üzrə növbəti şahid “ATA Holdinq”in İdarə Heyətinin sabiq sədr müavini Adıgözəl Ağayev dindirilib.
O, bildirib ki, 2015-ci ilin iyul ayında İdarə Heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib və müsbət cavab verilib:
“Belə hallarda, əsasən, kredit götürənin qoyduğu girova baxılır. Lakin bu dəfə Əşrəf müəllim dedi ki, bizdən kreditin verilməsi üçün xahiş edilib, müsbət cavab verilməlidir. Biz də müsbət cavab verdik və kredit ayırdıq. Lakin ilin sonunda yalnız faizin ödənildiyini, kreditin ödənilmədiyinin şahidi olduq. Bununla bağlı biz Zahid Niftəliyevə məlumat verdik. Ona borcunu ödəməyi üçün şans yaratdıq. Bundan sonra isə aidiyyəti qurumlara məlumat verdik”.