Azərbaycanda tender sahəsində əksər dövlət qurumlarının iştirakında qəribə bir şey yoxdur. Qanunla bütün dövlət qurumları öz ehtiyaclarını qarşılamaq üçün dövlət satınalmaları yolu ilə bunu həyata keçirməlidirlər. Tribunainfo.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi önəmli strukturlarından biri olan “Azərpoçt” MMC də bu sahədə mövcud olan qurumlardandır.
Açıq mənbələrdə qeyd edilir ki, “Azərpoçt” MMC ötən il toplam 16 tender keçirib. Bu tenderlər üzrə bağlanan satınalma müqavilələrinin dəyəri isə 2 milyon 609 min 917 manat təşkil edib.
MMC-nin həyata keçirdiyi tenderlərin ¼-i bir şikətə verilib. Söhbət “AZNEXT” MMC-dən gedir. Belə ki, “Azərpoçt” ötən il bu şirkətlər iki satınalma müqaviləsi imzalayıb. Kommutatorların satın alınması müqaviləsinin dəyəri 230 min 592 manat, aktiv şəbəkə avadanlıqlarının satın alınması isə 323 min 746 manata başa gəlib. Yəni, toplam 554 min manatlıq alış-veriş olub.
Araşdırma zamanı məlum olub ki, tender sektoruna yad olmayan bu şirkətin rəhbəri Səməd Abbasovdur. Bu şəxs haqqında açıq mənbələrdə məlumat olmasa da, rəhbəri olduğu şirkətin Covid 19 pandemiyası vaxtı dövlətdən maliyyə dəstəyi alması Dövlət Vergilər Xidmətinin rəsmi saytında yer alıb.
Bu sırada ikinci yeri “YENİ POLİQRAFİST” MMC tutub. Tribunainfo.az xəbər verir ki, bu şirkətlər də “Azərpoçt” arasında iki tender olub. Ciddi hesabat qəbzləri və Poçt göndərişlərinin qeydiyyatı üçün istifadə olunan ştrix kodların satın alınması 201 min 390 manata, istismar blanklarının satın alınması isə 57 min 555 manata reallaşıb.
“YENİ POLİQRAFİST” MMC-nin hazırda Bakı, Nizami r-nu, Qara Qarayev pr. 94 ünvanında fəaliyyət göstərir. Bu şirkətlə “Azərpoçt” arasında tender əməkdaşlığının tarixçəsi isə xeyli əvvələ gedib çıxır. Hələ 2017-ci ildə Azərpoçt MMC-nin keçmiş direktoru Qəmbər Bəybalayevin (o, korrupsiya ittihamı ilə həbs olunub) dönəmində sözügedən şirkətlə bir sıra satınalma müqavilələri imzalanıbmış. O zaman Baş Prokurorluğun apardığı araşdırma zamanı məlum olubmuş ki, “Azərpoçt”la “Yeni Poliqrafist” və daha bir neçə şirkət arasında bağlanmış satınalma müqavilələrində qiymətlər bir xeyli şişirdilib. Elə bu səbəbdən də “Yeni Poliqrafist”lə “Azərpoçt” arasında bu gün də davam edən tender anlaşmaları ekspertlər tərəfindən təəccüblə qarşılanır. Çünki adı keçmiş rəhbərliyin korrupsiya işlərində hallanan bir şirkətlə yola davam etmək sağlam tenderlərin keçirilməsinə şübhələrə kifayət qədər yol açır.