Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Açıq elan olunan məhkəmə prosesi heç bir əsas göstərilmədən qapalı keçirilib. Məhkəmə zalında olan media mənsubları zaldan çıxarılıblar. Hakim jurnalistlərin məhkəmə zalından çıxarılmasının iş üzrə zərərçəkənlərin istəiynə və ya digər bir səbəbə əsaslandığını açıqlamayıb.
Prosesdə cinayət işi üzrə zərərçəkən Babək Məmmədzadə ifadə verib. İş üzrə ən çox pul itirən şəxs də elə Babək Məmmədzadədir. Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məhəmməd Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.
![]()
Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Ötən proseslərdən birində dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan etmişdi. Müttəhim Nizami Alışan ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmənin aparılması qaydası müəyyən olunarkən Nizami Alışanın vəkili Samir İsayev zərərçəkmişlərin, daha sonra təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Bildirib ki, müvəkkili zərərçəkmişlərdən sonra ifadə vermək istəyir. Hakimlər məhkəmənin bu qaydada aparılması barədə qərar qəbul ediblər. Samir İsayevin digər vəsatəti müdafiə etdiyi şəxsin istifadəsində olan telefonun anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilməsi ilə bağlı olub. Vəkil müvəkkilinin 2024-cü ilin aprelin 9-dan 17-dək olan müddətdə telefon danışığı, SMS yazışmaları götürülməsini xahiş edib.