Şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb. O, bununla bağlı açıqlamasını saytımıza göndərib.
İlham Qəhrəmanın "Mən yazıçılar birliyini niyə tərk etdim?" yazısını təqdim edirik.
1997-ci ilin 27 dekabrında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olundum.
Mömin üçün məscid, kilsə nədirsə, mən də Yazıçılar Birliyini özüm üçün elə bir məbəd hesab edirdim. Zaman keçdikcə AYB-nin Nizamnaməsindəki müddəalardan (üzvlərinin hüquq bərabərliyi pinsipləri), eləcə də Birliyin məqsəd və vəzifələrindən irəli gələn (Azərbaycan yazıçılarının əsərlərinin dünya miqyasına çıxarılmasının təmin edilməsi; Birlik üzvlərinə fəxri adların, mükafatların, təqaüdlərin və s. verilməsi ilə tədbirlərin həyata keçirilməsi;) şərtlərin ancaq sədrin yaxınları, dostları və tapşırılanlar üçün keçərli olduğuna şahidlik etməyin nə qədər ağrılı olduğunu mənim kimi çəkənlər bilər.
AYB-nə sədrliyi dövründə Anar qədər ədəbi meyarları saymayan ikinci adam tanımıram.
Demək olar ki, birinci şeir kitabımdan (“Gülüm yarpıza döndü”) başqa bütün şeir, foklor, publisistika kitablarımın hamısı AYB üzvü olduqdan sonra çap olunub.
Şeir kitablarımı kənara qoyuram, 6 il ərzində Azərbaycanı dolaşıb qaçqın-köçkün laçınlılardan “Laçın fokloru” toplayıb çap etdirdim (hazırda AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə ikinci, genişləndirilmiş nəşri çapdadır), 14 ilə o taylı-bu taylı Azərbaycanda Sarı Aşığın irsini toplayıb “Gül dəftəri” kitabını çap etdirdim (kitab iki dəfə çap olunub), Aşıq Alının “Nə qaldı” kitabını (bütün təcnislərindəki cinas sözlərə düzgün ətək şərhi verməklə) çap etdirdim (“Nə qaldı” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Alının yeni mənbələrdən əldə edilmiş 10 şeiriylə ikinci nəşrə hazırlanır).
Hazırladığım kitablar bankdan götürülən kreditlər hesabına çap olunub.
Bu kitabların hansı birini Anarın dostu, qohumu, həmyerlisi yığıb toplasaydı, AYB istənilən ali mükafata təqdim edərdi. Neynəyək ki, ölkədə gördüyün yaxşı işlərdə uğur üçün adamın adamı olmalıdır, bizim belə bir adamımız yoxdur. Bu kitablar çap olduqca hər birindən şəxsən aparıb sədrin stolunun üstünə qoymuşam.
Bir dəfə də Sarı Aşığın “Gül dəftəri” kitabını stolun üstünə qoyanda – bunlar folklordu, Foklor İnstitutuna müraciət et, – dedi.
Sarı Aşığı yığıb toplamaq təkcə folklor hadisəsidirmi?! Demək olar ki, Anar peşəkar yaradıcılıqla məşğul olan yazıçı və şairlərə münasibətdə məni həmişə arxa küçədə saxladı, ön küçəyə çıxmağa imkan vermədi. Başını bəzəyib qabaq küçəyə çıxardığı şairlərin isə yadda qalan bir misrası yoxdur.
2015-ci ilin martında Antalyaya “Avrasya Şairleri Antolojisi” kitabının təqdimatına getmişdim. Orda İraqdan gəlmiş türkmən yazar Esed Erbillə tanış oldum. Məndən şeirlər istədi, dedi Ərbildə çap etdirəcəyi türk şairləri antologiyasına daxil edəcək. Bir müddətdən sonra antologiya çap olundu, mündəricatın şəklini sosial şəbəkədə paylaşdılar. Mənim adım olmadı. Esed Erbilə yazdım, cavabda yasaladı. Axırda Riyaz Dəmirçi mənə yazdı ki, bəs Anar və Fikrət Qoca səni antologiyaya salmamağı tapşırdılar – bu da Nizamnamədən irəli gələn öhdəliyin (Azərbaycan yazıçılarının əsərlərinin dünya miqyasına çıxarılmasının təmin edilməsi) icrası.
“Laçın folkloru” və “Gül dəftəri” (S.Aşıq) kitabları çap olunanda İctimai tv-yə də apardım. Gözlədim mədəniyyət xəbərlərində süjet verərlər. Axırda bir dəfə zəng etdim, ki, niyə o kitabların adı xəbərlərdə çəkilmədi?! Cavab verən xanım qayıtdı ki, bizdə Anar müəllim və F.Qocanın imzasıyla siyahı var ki, kimləri efirdə təbliğ etmək olar.
2015-ci ilin sentyabrından 2017-ci ilin yazına qədər Güney Azərbaycandan olan 24 şair və yazıçının əsərlərini əski əlifbadan latına çevirib bu tayda “Ədəbiyyat qəzeti”, “Kaspi” qəzeti, “525-ci qəzet” və s. mətbu orqanlarda çap etdirdim. Qurultyada Cənubi Azərbaycan ədəbiyyatı haqqında məruzəyə adımı salmadılar.
2015-ci il 16 oktyabrda 67 saylı əmrlə Anar məni AYB-nin nəzdində olan Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosuna direktor vəzifəsinə təyin etdi. Qurultay qərar vermişdi ki, səlahiyyətinə aid olmadığı üçün büronun adından “Müəllif Hüquqları” sözləri götürülsün, adını və təşkilati hüquqi formasını dəyişərək “Bədii Ədəbiyyatı Təbliğ Bürosu” MMC-yə çevrilsin. Bir sözlə, abreviatura dəyişməlidir.
Sənədləri kadrlar şöbəsindən siyahı üzrə qəbul edib işə başladım. Əvvəl Vergilər Nazirliyinin H.Əliyev prospektində yerləşən Kommersiya Hüquqi şəxslər idarəsinə müraciət etdim. Məlum oldu ki, prosedura görə çoxlu sənəd , həm də bununla bağlı olaraq çox zaman lazım olacaq.
Təxminən, 4-5 ay ərzində Vergilər Nazirliyi ilə Yazıçılar Birliyi arasında sənədlərin qaydaya salınması ilə məşğul olurdum. Arada bir dəfə sədrin yanında olanda adamların gur yeri olan “Sədərək” Ticarət mərkəzində bir kitab mağazası açmaq təklifi verdim. Bu mağazanın gəliriylə kasıb-kusub yazıçılara əl tutmaq imkanı əldə edə bilcəyimizi də dedim. Nəsə bütün tələb olunan sənədləri Vergilər Nazirliyinin aidiyyatı qurumuna təqdim edib adın dəyişdirilməsinin tamamlanmasını gözləyirəm.
Bir gün AYB-də olanda Rəşad Məcid gülə-gülə mənə dedi ki, Anar müəllim deyir ki, Bədii Ədəbiyyatı Təbliğ Bürosunu Aslan Qəhrəmana (mərhum yazıçı Aslan Qəhrəmanlı) verdik, dalınca da əlavə etdi ki, mən də dedim Aslan Qəhrəman yox, İlham Qəhrəman. Rəşad Məcid Anarla olan bu söhbətini mənə deyəndə dalağım sancdı.
İndiyə qədər Anar məni hər şeydən məhrum edib, demək Büroya kimi rəhbər təyin etdiyini bilmirmiş.
2016-cı ilin yazında kadrlar şöbəsinin müdiri zəng etdi ki, Anar müəllim deyir ki, İlham Qəhrəman sənədləri gətirib təhvil versin.
Düzü nə gizlədim, heç bir maaşı olmasa da, bura təyin olmağıma çox sevinmişdim – yazıçı və şairlərlə bir yerdə olmaq, ədəbi görüşlər təşkil etmək, ədəbiyyatı təbliğ etmək, gələcəkdə xatirlər yazmaq və s.
Zəng etdim Rəşad Məcidə, dedim sənədləri geri istəyirlər, dedi, narahat olma, işini gör, yəqin, anlaşılmazlıq olub. Aradan bir neçə gün də keçdi kadrların rəhbəri yenə zəng etdi və dedi ki, sənədləri təhvil verin, sədr tələb edir. Gəldim Rəşad Məcidin yanına ki, bəs bu nə söhbətdi, qayıtdı ki, Büronu səndən başqa heç kəs işlədə bilməyəcək, narahat olma. Baxdım ki, Rəşad Məcid yuxa qulağı sulayır, sadəcə, Anarın fikrinin qəti olduğunu bilir, mənə nə cavab verməkdə çətinlik çəkir. Kor-peşiman sənədləri aparıb siyahıyla geri verdim. Anarın müşaviri Raufun yanına gəlib sənədləri təhvil verdiyimi dedim.
Bu o şəxsdir ki, həmişə məni ümidləndirirdi ki, narahat olma, orda sən işləyəcəksən. Mən Raufa ikinci dərəcəli əlil olduğumu və Əmək qanunvericiliyinə görə hər hansı kollektivdə 20 iş yerindən birinin əlil şəxsə mənsub olduğunu da dedim, xeyri olmadı.
Sonradan bəlli oldu ki, guya Anara "Sədərək"də kitab mağazası açıb gəlirdən kasıb-kusub yazıçılara əl tutmaq təklifim xoş getməyib.
Sədrin sayəsində 6-7 ay yollarda qalmağım özümə qaldı.
ANARIN EV SİYASƏTİ
2005-ci ildə rəhmətlik Arif Əmrahoğlunun birbaşa kadrlar şöbəsinə tapşırığı ilə sənədlərimi ev növbəsinə qəbul etdilər.
Arif Əmrahoğlu tapşırana qədər dəfələrlə müraciət etsəm də ev növbəsinə götürmürdülər. Yazıçılar Birliyinin 03.03. 2004-cü il tarixli 29 saylı protokoluna əsasən Səbail Rayon İcra Hakimiyyətinin 21.02.2005-ci il 91saylı sərəncamıyla ev nöbəsinə durdum. Bütün iztirablarım da ondan sonra başladı.
Düzü gözləyirdim ki, AYB də jurnalistlərə tikilən binalar kimi bütün mənzilləri ehtiyacı olan yazıçılara çatan bina inşa etdirər. Ancaq məlum oldu ki, Anar tamam başqa yol tutub.
Bakının müxtəlif yerlərində AYB-nin adına torpaq sahələri almaq, sonra həmin yeri hansısa MTK-ya verib əvəzində müəyyən faiz mənzillər əldə etmək. Zaman-zaman şəhərin müxtəlif yerlərində Yazıçılar Birliyinə ev tikintisi haqqında məlumatlar dolaşırdı, sonda isə nəticə bilinmirdi. Nəhayət, Zərgərpalan küçəsində yenə Yazıçılar Birliyinə ayrılan torpaq sahəsində yaşayış binası tikildiyi və 36 üzvə 9 mənzil bölünəcəyi haqqında məlumat yayıldı.
Mənzillərin bölgüsü haqqında 2 dəfə toplantı olub, amma bu haqda mənə xəbər verməyiblər. Mən növbədə 32-ci adam olmuşam. Bu haqda Həmkarlar Komitəsinə neçə dəfə müraciət etsəm də, növbəm haqqında heç bir məlumat ala bilmirdim. Amma Arif Əmrahoğlu rəhmətlik həmişə deyirdi ki, narahat olma, əsas odur ki, sən növbədəsən.
2014-cü ildə Zərgərpalan küçəsindəki binada mənim də olduğum dördlüyə verilən mənzilə baxmağa getdim. Səhv etmirəmsə, mənzil 3-cü mərtəbədə idi. Mənzilin 4 nəfərə aid olmasını biləndən sonra belə qərara gəldik ki, özümüz satsaq, daha uyğun olar. Yadımdadı, elandan sonra Space TV-nin işçisi zəng edib mənzilə 157 min manat verə biləcəyini bildirdi. Bu məbləğ MTK-nın təklif etdiyindən (4 nəfərə 100 min) çox idi. Razılaşdıq. Məlum oldu ki, MTK sənədləşdirməni etmir, müştəriyə deyir ki, altından su çıxdığı üçün bina söküləcək.
4 nəfər yazıçı burda 56 min manat pul itirdi.
AYB-nin niyə bir bina tikdirib mənzilləri növbədə olanlar arasında bölmək istəmədiyi, şəhərin müxtəlif yerlərində torpaq sahəsi alıb, faiz payı götürməsinə üstünlük verməsi burdan aydın görünür. Bir tərəfdən faiz üzrə alınan mənzillərin sayını heç kim bilmir, o biri yandan 4 yazıçıya bir mənzil ver, onun da qıraq-bucağından kəs. 25 min manat pulun adını belə qoydular – mənzil şəraitinin yaxşılaşdırılması.
Mənim yaşadığım mənzil Sabunçuda 1896-cı ildə Nobel qardaşları tərəfindən tikilmiş zirzəmi tipli tikilidir. Hər dəfə Anarın müşaviri Rauf mənzillə bağlı sənədləri yeniləməli olduğumu deyəndə yeniləyib aparırdım. Görürdülər ki, 20 kvm-lik yaşayış sahəsində oluram. Yəni 25 min manatla Sabunçuda qonşularla birgə dar cığırdan ibarət yerdə mənzil şəraitini heç cür yaxşılaşdırmaq mümkün deyil – hamı divar-divaradır. O vaxt sədrin müavini mərhum Nazim İbrahimov bu ev bölgüsünə belə münasibət bildirdi: "Belə mənzil vermirlər (4 nəfərə 1 mənzil), sizin mənzillərinizi Rauf götürüb, gedin mənzillərinizi istəyin".
Yazıçılar Birliyinə Binəqədi ərazisində yeni yaşayış binasının tikilməsi haqqında məlumat çıxanda Dəyanət Osmanlı, Xanəmir və mən Anarın qəbuluna düşdük. Anar bizi dinləyib dedi ki, gedin İlqar Fəhminin yanına ərizələrinizi təzələyin. Üçümüz də ərizəmizi təzələdik.
Qurultaydan sonra məlum oldu ki, 2 saylı Asan Xidmətdə Anar evini qızına, Rəşad Məcid isə həyat yoldaşına bağışlayıb. Bunu eşidəndə bildim ki, hər ikisi təzə binadan özlərinə ev götürəcəklər. Elə də oldu. Atalar da bu yerdə deyib – var var üstə gələr. Amma, belə bir ironik sual da yaranır: "Vəzifəsinə arxalanan adamın Bakıda neçə mənzili olmalıdır ki, kasıb-kusubun, yazıx-yuzuğun mənzilini əlindən almasın?!"
Mənzillərin bölgü siyahısı açıqlananda məlum oldu ki, Xanəmirin də, Dəyanət Osmanlının da adları siyahıdadır, mənim adım isə yoxdur.