Bakıda qeyri-rəsmi münasibətdə olduğu xanımı hotelin pəncərəsindən ataraq öldürməyə cəhddə ittiham edilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Qadın məhkəmədə pəncərədən atılmadığını, özünün yıxıldığını deyib.
Hadisə “AF Hotel”də baş verib.
İttihama görə, 1995-ci il təvəllüdlü Şükür Qənbərov 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanı hotelin üçüncü mərtəbəsindəki otağın pəncərəsindən aşağı atıb. Bununla da onu öldürməyə cəhd edib.
Şükür Qənbərova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, tərəflər bir müddət imiş tanış olublar və onlar arasında sevgi münasibəti yaranıb. Hadisə zamanı qadının yanında iki azyaşlı övladı da olub. Şükür Sücayətlə mübahisə edən zaman uşaqları otaqdan çıxarıb. Uşaqları hamam otağına apararaq onlara öz telefonundan cizgi filmi izləmələrinə şərait yaradıb. Bundan sonra Sücayətlə münasibətlərinə aydınlıq gətirmək istəyib.
İttihamda yazılıb ki, mübahisə zamanı Şükür Sücayəti pəncərədən aşağı atıb. Sücayət pəncərədən aşağıdakı tikilinin damının üstünə düşüb. Bu zaman kəllə-beyin travması alıb, burnu və qabırğaları sınıb. Xəstəxanaya çatdırılan Sücayətin həyatını xilas etmək mümkün olub.