Sualları Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sulduz Əhmədova cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Sulduz xanım, COVID-19-la mübarizədə çətin perioddan keçirik, həkim kimi cəmiyyətə çağırışınız və tövsiyəniz nədən ibarətdir?
- Profilaktikanın sübut olunmuş metodlarına önəm vermək lazımdır. İlk növbədə sosial məsafəyə diqqət göstərmək, maska taxmaq, gigiyena şərtlərinə ciddi əməl etmək lazımdır. Qapalı məkanlar tez-tez havalandırılmalıdır. Çünki yoluxma dozası yüksək olduqca xəstəlik ağır keçir. İmmuniteti qaydada saxlamaq ücun düzgün qidalanmaq və normal yuxu vacibdir.
- Səhiyyə sahəsində çalışanlar virusla birbaşa təmasdadır və yoluxanlar arasında tibb işçiləri çoxluq təşkil edir. Özünüzü infeksiyadan necə qoruyursunuz?
- Özüm də profilaktik qaydalara əməl edirəm. Tövsiyə etdiyim əsas şey mümkün qədər qorunmaqdır. Ən azı gec xəstələnmək lazımdır. 6 aydan sonra xəstələnsək, sağalma şansımız daha çox olacaq. Çünki o vaxta qədər müalicə əsaslanmış olacaq. Həmçinin ümid edirik ki, vaksin tezliklə tapılacaq. Peyvənd hazırlanana qədər qorunmaq lazımdır. Xüsusilə risk qrupuna daxil olan insanlar daha diqqətli olmalıdır.
- Vaksinin hazırlanma müddəti ilə bağlı müxtəlif versiyalar səslənir. Sizcə, dünya səhiyyə sistemi peyvəndə qədər virus qarşısında dayana biləcək?
- Peyvənd infeksion xəstəliklərdən qorunmaq üçün ən effektiv üsuldur. Vaksin təbabətin ən böyük nailiyyətlərindən biridir. İndiyə qədər peyvəndlər bir çox ölümcül xəstəliklərin qarşısını alıb. Peyvəndin sayəsində “Təbii çiçək” kimi xüsusi təhlükəli infeksiya yer üzündən silinib. Difteriya, tetanus, göy öskürək, qızılca, poliomielit, hepatit B və s. kimi ağır təhlükəli xəstəlikləri peyvənd sayəsində kontrol altında saxlamaq mümkün olub. Hazırda koronavirusa qarşı peyvəndlərin klinik sınağı gedir. Effektiv vaksinasiya koronavirus üzərində ən böyük qələbə olacaq. Ona görə peyvənd hazır olana qədər xəstəlikdən maksimum qorunmaq lazımdır.