Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC son illər bir xeyli tender keçirib. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmalar zamanı məlum olan odur ki, 2024-cü ildə bəlli olan bel tenderlərin sayı 31 olub.
Bu tenderlərdə nazirliyin tabeliyində olan qurum 14 milyon 156 min 934 manat xərcləyib. Bu vəsaitlərin əsas hissəsi isə təmir və tikinti işlərinə sərf olunub. İlkin hesablamalar zamanı bəlli olub ki, Əsaslı Tikinti və Təchizat MMC Goranboydan başlamış Bakıya qədər əksər Heydər Əliyev Mərkəzlərinin təmirini həyata keçirib. Bunun üçün il ərzində isə 4 milyon 791 min 158 manat xərc çəkməli olub.
Lakin bu prosesdə diqqəti çəkən məqamlar bir neçədir. Birinci məqam odur ki, tikinti və təmir işləri 2023-cü ildə olduğu kimi, ötən il də eyni şirkətlər arasında proporsiya ilə bölünüb. Sanki, razılaşdırılmış şəkildə həyata keçirilib. Məsələn, ŞƏMKİR TİKİNTİ-18 ASC 2023-cü ildə olduğu kimi, ötən il də 3 tender udub və sözügedən qurumun ən çox qazanan şirkətləri sırasında birinci olub. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Goranboyda Heydər Əliyev Mərkəzinin və Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərini ŞƏMKİR TİKİNTİ-18 həyata keçirib. Bu işlərin müqabilində isə Mədəniyyət Nazirliyi bu şirkətə 1 milyon 728 min 74 manat ödəyib.
Təmir işlərində Əsaslı Tikinti və Təchizat MMC-nin ikinci əsas partnyoru “Qara Qaya” MMC-dir. Bu şirkətlə nazirliyin tabelyində olan qurum arasında iki satınalma müqaviləsi bağlanıb. Bu müqavilələrin ümumi dəyəri isə 1 milyon 79 min 142 manat olub.
Say baxımından Əsaslı Təmir və Təchizat MMC-nin “dostluq” etdiyi bir başqa şirkət isə “BAKU BUILDING” MMC olub. Tribunainfo.az bildirir ki, bu şirkətlə ötən il müqavilə imzalanıb. Onların ümumi dəyəri də 349 min 259 manat təşkil edib.
Bundan başqa, Mədəniyyət Nazirliyinin tabeliyində olan sözügedən qurum “KONEKS CONSTRUCTİON” MMC ilə 390 min 530 manatlıq, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə 656 min 700 manatlıq satınalma müqavilələri də bağlayıb.
İşin maraqlı tərəflərdindən olan ikinci məsələ isə odur ki, sözügedən qurum bəzi rayonlarda gördüyü işlərin qiymətlərini ya şişirdib, ya da təmir işlərinə xərclədiyi pullar arasında disbalans yaradıb. Məsələn, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC Gəncədə Heydər Əliyev Mərkəzinin əsaslı təmirinə 253 min manat xərclədiyi halda, Siyəzəndə yalnız cari təmir işlərinə 400 min manatdan bir qədər çox sərf edib. Bunun özü də kifayət qədər şübhəlidir ki, bu qədər disbalans niyə yaranıb.
Bu qurumun ən çox pul xərclədiyi sahələrdən biri də mebellə bağlı olub. Belə ki, ötən il Əsaslı Təmir və Təchizat MMC təkcə “Qardaşlar Mebel” MMC-dən 919 min manatlıq mebel alıb.