Fevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya yönümlü növbəti tədbirini keçirib. Tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və "Veysəloğlu"nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları "Qalib ölkənin uğurları – 2024" və "VŞQ-də uğurun izləri – 2024" adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən "2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış" adlı panel müzakirələri ilə davam edib.
Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid "Brandwall"ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib.
Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan "Vəfa Zirvəsi" adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini "Veysəloğlu"da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında "Veysəloğlu"nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.