Yanvarın 18-dən İran həbsxanasından azad edilən azərbaycanlı tələbə Fərid Səfərli Almaniyaya gedib. Musavat.com-un Fərid Səfərlinin yaxınlarından əldə etdiyi məlumata görə, o, karyerasını davam etdirməsi üçün yenidən Almaniyaya qayıdıb:
“Fərid iş fəaliyyətinə başlamadan öncə Bakıda TƏBİB-in həkimləri tərəfindən müayinə olundu, ona orta ağır dərəcəli depressiya diaqnozu qoyuldu. Hazırda müalicəsi davam edir. Eyni zamanda, o data analizi mütəxəssisi kimi işini davam etdirəcək”.
O ki qaldı Fəridin təhsilinin davam etdirib-etdirməyəcəyinə, yaxınları yaxın vaxtlar üçün belə bir qərarın verilmədiyini deyiblər.
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.