Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti qalmaqal baş verib. Bakupost.az -ın əldə etdiyi məlumata görə, İnstitutun direktoru Gülnaz Dadaşovanın elmi işçilər üçün attestasiya keçirmək cəhdi fiasko ilə nəticələnib. Belə ki, birinci mərhələdə attestasiyaya cəlb edilən elmi dərəcəsi olan (elmlər doktorları və tibb üzrə fəlsəfə doktorları) 20 nəfərə yaxın tibbi işçisi attestasiyanın qanunsuz olduğunu əsas gətirərək, orada iştirak etməkdən imtina ediblər.
Qeyd edək ki, elmi-tədqiqat institutlarında attestasiyalar "Elm haqqında" Qanuna əsasən keçirilir. Qanunun 13-cü maddəsinə görə, elmi-tədqiqat institutlarının ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura institutun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır, həmçinin elmi işçilərin attestasiyasını təşkil edir. Attestasiya Elmi Şuranın qərarı ilə yaradılan Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Attestasiya qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
Aldığımız məlumata görə, İnstitutun professorları attestasiyanın təşkili zamanı bu qaydalara əməl olunmadığı və ciddi qanun pozuntularına yol verildiyini bildiriblər. Belə ki, attestasiyanın keçirilməsi Elmi Şurada müzakirə olunmalı və müvafiq Attestasiya Komissiyası yaradılmalı olduğu halda, İnstitutun direktoru bu addımı Şura üzvlərinin xəbəri olmadan atıb. İnstitutun elmi işçilərinin dediyinə görə, Gülnaz Dadaşova özünə yaxın şəxlərin də daxil olduğu 3 nəfərlik komissiya yaradıb:
"Attestasiyaya düşən suallar isə İnstitutun hüquqşünası tərəfindən (?) tərtib edilib və tibbə aid olmayan suallar olub. Hətta attestasiyaya Konstitusiya, "Təhsil haqqında" Qanundan suallar salınıb.
Ən maraqlısı odur ki, Gülnaz Dadaşova öz aləmində professorları sındırmaq üçün Attestasiya Komissiyasına özünün inzibati(təsərrüfat) məsələlər üzrə müavini Azər Mirzəxanlını da salıb. Onun nəinki ali, elementar tibb təhsili belə yoxdur. Daim işçilərlə kobud davranışı ilə seçilən Azər Mirzəxanlı attestasiyanı boykot edən professorların üstünə qışqırmaqdan belə çəkinməyib".
Mənbənin dediyinə görə, direktor attestasiya prosesini videoya çəkmək üçün çəkiliş qrupu da ayırıb. Bu cür davranışa dözə bilməyən professorlardan biri çəkiliş qrupuna işarə edərək ironiya ilə "Yenə klip çəkdirəcəyik?" deyə replika atıb.
Qeyd olunur ki, şöbə rəhbərləri - professor Nazim Abdullayev, professor Rufulla Abdullayev, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, tibb üzrə fəlsəfə doktoru Rüfət Cəmilov direktorun qeyri-qanuni hərəkətləri, institutdakı hegemonluğu, yarıtmaz idarəetməsindən şikayətləniblər. Onlar direktoru elmi işlərin aparılmasına heç bir şərait yaratmamaqda, işlədiyi bu illər ərzində elmi işçiləri daim təzyiq altında saxlamaqda və təhqir etməkdə, professorları ətrafına yığdığı və "öz komandam" adlandırdığı adamların əli altında işlədərək onlara tabe etdirməkdə, "Elm haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni formada attestasiya keçirməyə cəhd etməkdə, elmi işçilərin hüquqlarını kobud şəkildə pozmaqda ittiham ediblər.
Attestasiyaya cəlb olunan alimlər bildiriblər ki, Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyəti fundamental, tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarətdir. Ancaq son 6 ildə elmi şöbələr heç bir avadanlıq, cihaz, material və komputerlərlə təmin olunmayıb.
İnstitutun elmi işçiləri həmçinin sualları tərtib edən hüquqşünasın İnstituta çağırılmasını tələb ediblər. Onlar həmin hüquşünasa sualları olduğunu bildiriblər.
Professorlar Elmi Şura tərfindən təsdiq edilməyən qeyri-qanuni ekspert komissiyasının üzvü, İnstitutun Həmkarlar İttifaqının sədri Ruslan Nəcəfovdan Əmək Məcəlləsində yazılmış maddələri düzgün şəkildə oxuyub kollektivə çatdırmağı tələb ediblər və çox çətinliklə də olsa, buna nail olublar.
Mənbə bildirib ki, sayğısızlıqdan əsəbləşən professorlar həmçinin direktorun elmi işçiləri heç bir elmi konfransa buraxmamasını, Kardiologiya İnstitutunda antisanitariya şəraitinin hökm sürdüyünü, tibb ocağında çalışan alimlərin ayaqyoluna getmək üçün növbəyə dayandığını, müəssisədə normal iş şəraiti və işgüzar atmosferin yaradılmadığını, bütün bunların qarşılığında isə yüksək elmi dərəcəsi olan alimlərin ibtidai sinif şagirdləri kimi imtahan edilməsinin təhqiramiz olduğunu deyiblər: