Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandırıb.
O bildirib ki, qətl zamanı istifadə olunan bıçağın yerini polisə özü deyib: "Məndən soruşdular ki, bıçaq hanı? Dedim ki, maşınımdadır. Maşının açarının pencəyimin cibində olduğunu söylədim. Hadisə yerində olan qanı mən təmizləmişdim. Hadisə ilə bağlı heç kimə xəbər verməmişdim. Amma cinayətdən narahat olmuşdum".
Daha sonra sənədlər prosesdə tədqiq edilib. Zərərçəkən şəxsin vəkili vəsatət verərək təqsirləndirilən şəxsin ittiham oldunduğu maddələrin ağırlaşdırımasını xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra zərərçəkənin hüquqi varisi olan bacısı çıxış edib. O, ədalətli hökm verilməsini xahiş edib: "Elsevər İslamov həbsdən çıxmamalıdır. Mən qardaşımın belə öldürülməsini təsəvvür belə edə bilməzdim. O, qardaşımı öldürərək meyiti üzərində ağlasığmaz hərəkətlər edib. Sizdən ədalətli qərar verməyinizi xahiş edirəm".
Zərərçəkənin vəkili Nemət Kərimov çıxış edərək istənilən cəzadan narazı olduğunu bildirib: "Təqsirləndirilən şəxs Namiq Mehdini döyüb huşunu itirməsinə səbəb olduqdan sonra onu bıçaqlayaraq öldürüb və bununla da kifayətlənməyərək cinsiyyət orqanını kəsib. Mən hesab edirəm ki, bu, manyaklıqdır. Ona görə sizdən xahiş edirəm ki, ona ömrlük cəza təyin edilsin".